Noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək tovuzlu gənclər maarifləndirilirlər.AZƏRTAC xəbər verir ki, Tovuz Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonda fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin tələbələri, orta ümumtəhsil məktəblərinin məzunları, 105 saylı Tovuz və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələri dairə seçki komissiyalarının üzvləri, gənclər və idman idarəsinin kollektivi iştirak edib.Rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov çıxış edərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gənc seçicilərin, xüsusilə də səsvermədə ilk dəfə iştirak edəcək gənclərin maarifləndirilməsi, onların seçki prosesinə marağının artırılmasını, seçkidə daha fəal iştirak etmələrini təmin etməkdir. İştirakçılara seçicinin hüquqları və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydalar barədə məlumat verilib, gənclərə noyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal olmaq tövsiyə olunub.Bundan əlavə, seçkidə ilk dəfə iştirak edəcək gənclərə rayon gənclər və idman idarəsi tərəfindən hazırlanmış yaddaş kitabçası təqdim edilib.Qeyd edək ki, 105 saylı Tovuz və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələri dairə seçki komissiyalarının əhatə etdiyi 77 seçki məntəqəsi üzrə 91 min 570 seçici qeydiyyata alınıb. Onlardan 1447 nəfəri ilk dəfə səs verəcək.
AZƏRTAC