Noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıq işləri 108 saylı Ağstafa seçki dairəsində də uğurla davam etdirilir. 42 min 418 seçicisi olan dairə üzrə 38 seçki məntəqəsi səsvermə gününə hazırlaşır.Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə yerləşən 3 saylı seçki məntəqəsinin sədri Arif Abbasov AZƏRTAC-a bildirib ki, məntəqənin yerləşdiyi binada təmir-bərpa işləri həyata keçirilib, ərazidə səliqə-sahman yaradılıb. Məntəqədə səsvermə kabinələri quraşdırılıb və təşviqat lövhələri asılıb. Seçki məntəqəsi lazımi texniki avadanlıqlarla təchiz edilib, rabitə və elektrik sistemi qaydaya salınıb. Bundan əlavə, seçicilərin dəqiqləşdirilmiş siyahıları da lövhələrdən asılıb, bildirişlər hazırlanaraq paylanılmasına başlanılıb. Bir sözlə, seçki məntəqəsi səsvermə gününə hazırdır.Qeyd edək ki, seçki günü məntəqədə 1414 seçicinin səsvermədə iştirakı gözlənilir. Seçki günü səsvermənin gedişini internet vasitəsilə onlayn izləmək üçün məntəqədə veb-kamera da quraşdırılıb.
AZƏRTAC