Əhəd Abıyev: "Məqsədli inkişaf işlərimiz sonradan əməli fəaliyyətimizlə sübuta yetirilir"
Dünən Daşkəsən rayonunda 2015-ci ilin 9 ayının yekunları sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilibdir. İclası giriş sözü ilə açan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək, bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib: "Bu dövrdə iqtisadiyyat 3,7 %, sənaye istehsalı 2,1 %, qeyri-neft sənayesi 10 %-dən çox, kənd təsərrüfatı istehsalı 6,7 % artıb. İlin 9 ayında inflyasiya 3,7 % təşkil edib, əhalinin pul gəlirləri 5,8 % artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Bütün bunlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən tərəqqi və inkişaf siyasətinin bariz nəticəsidir".
Ə.Abıyev onu da vurğulayıb ki, ölkəmizin iqtisadi qüdrətinin artması, Azərbaycanın hər bir yerində müşahidə olunan dinamik inkişaf Daşkəsən rayonunda da öz əksini bariz şəkildə tapmış və cari ilin 9 ayında rayon həyatının bütün sahələrini əhatə edən əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilmiş, abadlıq və quruculuq işləri geniş vüsət almış, bütün istiqamətlərdə böyük uğurlar əldə olunmuş, insanların rifah halı daha da yaxşılaşmışdır".
Rayon rəhbəri cari ilin 9 ayında sənaye üzrə 4 milyon 436 min manat (əvvəlki ilə nisbətən 47,3% çox), kənd təsərrüfatı məhsulları 21 milyon 11 min manat (2,3% çox), nəqliyyat üzrə 2 milyon 129 min manat (6,3% çox), informasiya və rabitə üzrə 175,7 min manat (3,3% çox), ticarət xidmətləri üzrə 12 milyon 103 min manat (2,1% çox) olduğunu bildirib. Qeyd edib ki, rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da bu işlər davam etdirilməkdədir: "Yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasının, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasının tikinti işləri davam etdirilir. Qabaqtəpə-Astaf avtomobil yolunda 2 ədəd körpünün tikintisi başa çatmaq üzrədir. Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır".
Ə.Abıyev onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə dərmanların qiymətlərinin endirilməsi və onların üzərində vahid qiymətlərin tədbiq olunması rayonumuzun səhiyyə ilə bağlı müvafiq strukturları tərəfindən icra olunur.
Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışı zamanı "Yeni Daşkəsən" layihəsinə toxunaraq bildirib ki, bu elmi əsaslarla işlənib-hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur: "Bu gün "Yeni Daşkəsən" layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Artıq Azərbaycan Respublikasının Nazirlər Kabinetində müvafiq qaydada baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə nazirliklər, digər qurumlar tərəfindən yazılı surətdə müsbət rəylər alınmışdır. Hazırda həmin istiqamətdə işlər davam etdirilir".
Daşkəsən rayon rəhbəri cari ilin 9 ayı ərzində əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına görülən bir sıra təmir-bərpa, yenidənqurma işləri barədə də məlumat veribdir: "Daşkəsən Elektrik Şəbəkəsi tərəfindən 43 ədəd transformator təmir edilmiş, 9,5 kilometr elektrikverici xətlərində təmir işləri aparılmış, 79 ədəd dayaq, 4,6 kilometr yararsız naqil yenisi ilə əvəz olunmuş və transformatorlara 332 kiloqram transformator yağı əlavə olunmuşdur. 76 ədəd yeni sayğac quraşdırılmış və 115 ədəd qüsurlu sayğac dəyişdirilmişdir. Daşkəsən şəhəri üzrə 0,4 kv-luq hava EVX-lərinin SİP kabellə əvəz olunmasına başlanmış, rayon ərazisində 12 ədəd müxtəlif güclü müasir tipli 6/0,4 kv-luq trasformator məntəqələri tikilmiş, yeni transformatorlar quraşdırılmış və 5 ədəd yarımstansiya şəbəkəyə qoşulmuşdur. Eyni zamanda yeni 35/6 kv-luq şəhər yarımstansiyasının və tikintisi dayandırılmış 35 kv-luq Əhmədli EVX-nin tikintisinə başlanılmışdır. Yerlərdə elektrikverici xətlərin təmir edilməsinə və yeni müasir tipli kabelin çəkilməsinə, başlanılmasına ehtiyac vardır. Rayonun Xoşbulaq, Zağalı, Qazaxyolçular və Qaraqollar kəndlərinə təbii qaz xəttinin çəkilişinə başlanılmışdır".
Ə.Abıyev cari ilin may ayının 15-də Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən "Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" işlərinə başlanıldığını da vurğulayıb: "Daşkəsən şəhərində həmin layihə üzrə 2x500m3 su tutumu olan yeni içməli su anbarının təməlqoyma mərasimi keçirilmişdir. Belə ki, magistral su xəttinin 20 km-dən 18 km-i, şəhərdaxili su xəttinin 16,7 km-dən 3,2 km-i, şəhərdaxili kanalizasiya xəttinin 13 km-dən 2,5 km-i çəkilmişdir. Nəzərdə tutulan digər işlər də sürətlə davam etdirilir. Hazırda həmin layihənin həyata keçirilməsi üzrə 253 nəfər (bunun 111 nəfəri Daşkəsən rayon sakinləridir) işçi çalışır".
Daşkəsən rayon icra hakimiyyətinin başçısı "Kənd təsərrüfatı ili" ilə bağlı Daşkəsən rayonunda da mühüm işlərin görüldüyünü söyləyib: "Daşkəsənin yay otlaqları bu rayonun milli sərvətidir. Lakin rayon bu sərvətdən kifayət qədər bəhrələnə bilmirdi, uzun müddət rayonumuzda böyük problemlər olmaqla qarşıdurma yaranırdı, kriminal hadisələr baş verirdi, bu da yerli əhali arasında böyük narazılığa səbəb olurdu. Çünki yuxarıda qeyd edildiyi kimi, rayonun ərazisində yerləşən yay otlaqları sovetlər dövründə kolxoz və sovxozları inkişaf etdirmək məqsədilə qonşu 7 rayon arasında bölüşdürülmüşdü"..
İclasda Daşkəsən şəhər İƏDÜN-nin rəisi Nüsrət Vəliyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev və başqaları çıxış ediblər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayonun gələcək inkişaf perspektivləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
Sonda tədbir iştirakçıları adından ölkə Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul olunub.
RƏFİQƏ HÜSEYNOVA