PDF Oxu

Siyasət

  • 26

Daim xalqın maraqlarını qoruyan qətiyyətli Prezident!

Daim xalqın maraqlarını qoruyan qətiyyətli Prezident!

TEZİS ƏSASINDA

Azərbaycan xalqı dövlət başçısı Cənab İlham Əliyevin atdığı müvafiq addımlarını alqışlayır və Onun siyasətinə birmənalı olaraq dəstək verir

Bəlli olduğu kimi, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi, investisiya iqliminin yaxşılaşdırılması, biznes mühitinin daha da sağlamlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı və məqsədyönlü tədbirlər haqqında danışılmışdı. Belə ki, Azərbaycan Prezidenti daha bir faktın üzərində dayanaraq, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən sahibkarlara problemlər yaradıldığını, onlara qarşı qanunsuz tələblər irəli sürüldüyünü, bu səbəbdən bəzən iş yerlərinin bağlandığını və ayrı-ayrı sahələrdə gözlənilən inkişafın olmadığını bəyan etmiş və problemlərin aradan qaldırılmalı olduğu haqda sonuncu xəbərdarlığını etmişdi.

Ölkə rəhbərliyi sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində deyil

Qeyd olunanlarla yanaşı, Cənab Prezident yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olduğunu, göstərilən sahədə sui-istifadə hallarına toxunaraq, korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində ciddi sistem, institusional və cəza xarakterli tədbirlə həyata keçirildiyini və bu prosesin qarşıdan gələn dövrdə daha da gücləndiriləcəyini bəyan edib.

Məhz həmin iclasdan sonra qəbul edilmiş mühüm qərarlar və dərhal atılan addımlar bir daha əyani şəkildə sübut etdi ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, eyni zamanda vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində deyil və belə pozuntulara yol verən şəxslərə qarşı davamlı olaraq ciddi tədbirlər görüləcəkdir.

Məhz dövlət rəhbərliyinə daxil olan çoxsaylı şikayətlərin əsaslı şəkildə araşdırılması zamanı müəyyən edilmişdir ki, biznes subyektləri ən çox Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olması və onlara qarşı qanunsuz tələblər irəli sürməsindən narazıdırlar.

MTN əməkdaşlarının xidməti vəzifələrindən sui-istifadə etməklə mənfəət əldə etməsi, bununla da digər şəxslərin mənafelərinə ciddi zərbə vurmalarına dair çoxsaylı faktlar aşkarlanaraq ifşa olunub

Məhz atılan təxirəsalınmaz araşdırmalardan sonra bəlli olub ki, MTN-in bir sıra əməkdaşları əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla, eləcə də səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrdən istifadə etməklə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarının telefon danışıqlarını dinləmiş və bundan öz məqsədləri üçün istifadə etmişlər. Nazirliyin əməkdaşları xidməti səlahiyyətlərinin hüdudlarını açıq-aşkar şəkildə aşaraq, ayrı-ayrı şəxslərin, qurumların hüquqlarını məhdudlaşdırmış, onların qanuni mənafelərinə zərbə vurmuş, bununla da, ümumilikdə cəmiyyətin və dövlətin maraqlarını tapdamışlar. Araşdırmaların nəticəsində MTN əməkdaşlarının xidməti vəzifələrindən sui-istifadə etməklə mənfəət əldə etmələri, bununla da digər şəxslərin mənafelərinə ciddi zərbə vurmalarına dair çoxsaylı faktlar aşkarlanaraq ifşa olunub.

Beləliklə, milli təhlükəsizlik nazirinin yuxarıda qeyd edilən əməllərinə görə vəzifəsindən azad olunması, nazirliyin bir sıra vəzifəli şəxslərinə qarşı cinayət işinin qaldırılması, sahibkarlığın inkişafına maneçilik törədən amillərin dərhal aradan qaldırılması üçün qanunvericilik təşəbbüsü Cənab İlham Əliyevin öz qərarında qəti olduğunu və heç kimə güzəşt olmayacağını əyani şəkildə nümayiş etdirdi. Artıq bu istiqamətdə ölkə başçısı tərəfindən növbəti addımlar da atılmaqdadır.

Noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır

Belə ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Bu amil də məhz belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, yersiz yoxlamaların dayandırılması sahibkarlar təbəqəsinin dövlətə inamının daha da artmasına səbəb olacaq. Həmçinin, biznes sahəsinin genişləndilrilməsinə, sahibkarların gəlirlərinin artaraq yeni iş yerləri yaratmasına, yeni investisiyalar qoymasına və beləliklə də, vergi ödənişlərinin çoxalmasına da bir stimul yaranacaq.

Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq

Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının azaldılması, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıqla bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi də nəzərdə tutulur.

Bütün bu addımlar isə bir daha onu sübut edir ki, ölkənin siyasi rəhbərliyi korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq və neqativ halları aradan qaldırmaq üçün böyük siyasi iradə, qətiyyət və barışmazlıq nümayiş etdirir. Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq.

Artıq ölkə Prezidenti İlham Əliyev Cənablarının atdığı bu kimi qətiyyətli addımlar bütövlükdə Azərbaycan vətəndaşları, ziyalılar, tanınmış şəxslər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və s. nüfuzlu dairələr tərəfindən dəstəklənir. Azərbaycan xalqı dövlət başçısının qətiyyətini və atdığı müvafiq addımlarını alqışlayır və Onun siyasətinə birmənalı olaraq dəstək verir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər