Salyanda noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərinə hazırlıq işləri başa çatıb. Dairə və məntəqələr hazır vəziyyətə gətirilib, seçicilərin azad və sərbəst seçim etmələri üçün hər cür şərait yaradılıb.AZƏRTAC xəbər verir ki, 59 saylı Salyan seçki dairəsində 40 seçki məntəqəsi təşkil edilib. Seçici siyahıları dəqiqləşdirilib və 38 min 208 nəfər seçici qeydə alınıb. Bu seçkilərdə dairə üzrə 305 nəfər gənc ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Seçki Məcəlləsinə uyğun olaraq təbliğat-təşviqat kampaniyası aparmaq üçün bütün namizədlərə bərabər imkanlar yaradılıb. Bu məqsədlə qapalı və açıq görüş yerləri ayrılıb.Dairə üzrə məntəqələrin hamısı təmir olunub, lazımi inventar, avadanlıq və texniki vasitələrlə təchiz edilib. Hər bir məntəqənin girişində təbliğat-təşviqat materialları, habelə nəzərəçarpan yerlərdə seçici siyahıları asılıb.Dairənin nəzdində fəaliyyət göstərən 4 saylı məntəqənin sədri Gülnaz Babayeva AZƏRTAC-a bildirib ki, məntəqədə parlament seçkilərinə hazırlıq işləri artıq yekunlaşıb. Seçki günü seçicilərin sərbəst səsvermələri və komissiya üzvlərinin normal fəaliyyətləri üçün bütün imkanlar yaradılıb. Səsvermənin gedişini onlayn rejimdə izləmək üçün məntəqədə veb-kamera quraşdırılıb. Hazırda seçicilərə bildirişlərin 95 faizindən çoxu paylanılıb və yaxın iki gün ərzində bu iş də yekulaşacaq.Qeyd edək ki, rayonda 59 saylı Salyan seçki dairəsindən əlavə, 60 saylı Salyan-Neftçala seçki dairəsi də fəaliyyət göstərir və hər iki dairə üzrə 76 min 264 seçici var.
AZƏRTAC