PDF Oxu

Siyasət

  • 30

Deputatlığa namizəd İsa Həbibbəylinin Şərur rayonunun seçiciləri ilə görüşləri

Deputatlığa namizəd İsa Həbibbəylinin Şərur rayonunun seçiciləri ilə görüşləri

Azərbaycan Respublikasının Milli Məclisinə 2 saylı Şərur Seçki Dairəsindən deputatlığa namizəd İsa Əkbər oğlu Həbibbəyli ilə seçicilərin görüşü keçirilib. Rayon mərkəzindəki "Bahar" kinoteatrının 400 yerlik salonunda keçirilmiş görüşdə Yeni Azərbaycan Partiyasının fəalları, ziyalılar, dairənin əhatə etdiyi kəndlərin nümayəndələri və gənclər iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri Əmir Babayev deputatlığa namizəd İsa Əkbər oğlu Həbibbəylinin əsas tərcümeyi-hal göstəriciləri və keçən beş il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib, seçicilərlə yaxından əlaqə saxladığını xüsusi qeyd edib.

Deputatlığa namizəd İsa Həbibbəyli ilə görüşdə şair İbrahim Yusifoğlu, Aşağı Daşarx kənd orta məktəbinin müəllimi Torqçin İbrahimova, tibb elmləri namizədi Nüsrət Həsənov, Azərbaycan Respublikasının əməkdar artisti Kimya Babayeva, Naxçıvan Dövlət Universitetinin tələbəsi Səmayə Məmmədova və başqaları çıxış edərək deputatlığa namizəd akademik İsa Həbibbəylinin elmi-pedaqoji fəaliyyətindən, Milli Məclisdəki çıxışlarından, seçicilərlə əlaqələrindən geniş söz açıblar.

Akademik İsa Həbibbəyli seçicilər qarşısında çıxış edərək ölkəmizdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasətinin təntənəsindən, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə daxilində və beynəlxalq aləmdə qazanılan böyük uğurlardan geniş bəhs edib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında, o cümlədən də Şərur rayonunda aparılan genişmiqyaslı işlərdən söz açılıb. Əhalinin siyasi fəaliyyətinin artması, dünyagörüşünün genişlənməsi, ölkədə və regionda gedən proseslərdə yaxından iştirak etməsi Ulu Öndər Heydər Əliyevin ideallarına, ölkəmizin Prezidentinin xalqa xidmət nümunəsi olan yorulmaz və hərtərəfli fəaliyyətinə, Yeni Azərbaycan Partiyasının strategiya və taktikasına dərin sədaqət nümayiş etdirməsi xüsusi olaraq qeyd edilib.

Deputatlığa namizəd İsa Həbibbəyli seçicilərin qaldırdığı məsələlər barədə fikir və mülahizələrini bildirib və suallara cavab verib.

Eyni zamanda, Şərur rayonunun Təzəkənd və Püsyan kəndlərində də İsa Həbibbəylinin seçicilərlə görüşləri keçirilib.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər