Şabran seçiciləri YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayırlar
Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatı 1 noyabrda keçiriləcək parlament seçkilərilə əlaqədar təbliğat kampaniyası uğurla davam edir. 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Tahir Süleyman oğlu Süleymanovun Ağbaş kəndində seçicilərilə görüşü keçirilib. Görüşü YAP rayon təşkilatının sədri Mehdi Balabəyov seçicilərə deputatlığa namizəd Tahir Süleymanovun həyatı və fəaliyyəti barədə məlumat verib. M.Balabəyov 1 noyabr parlament seçkilərilə bağlı təbliğat-təşviqat kampaniyasının Şabranda müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb: "İndiyədək 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Tahir Süleymanovun təşviqatı ilə bağlı keçirilən görüşlərdə minlərlə seçici iştirak edib. Bu, onu göstərir ki, Tahir Süleymanov ötən beş ildə millət vəkili kimi ona göstərilən etimadı doğrulda bilib və bu səbəbdən, yenidən Milli Məclisin üzvü seçilməyə layiqdir".
Mehdi Balabəyov Yeni Azərbaycan Partiyasının parlament seçkilərində seçicilərin əksəriyyətinin səsini toplayaraq, böyük qələbə qazanacağına əmin olduğunu bildirib: "Partiyamız azad, şəffaf və demokratik rəqabət şəratində seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanmağa qadir olduğunu dəfələrlə sübut edib. Yeni Azərbaycan Partiyası xalqa güvənən, qüdrətli siyasi təşkilat kimi xalqın böyük etibarını, rəğbətini qazanıb, ona bəslənilən ümidləri yüksək səviyyədə doğruldub. Partiyanın namizədləri bununla bağlı üzərlərinə düşən məsuliyyəti çox yaxşı dərk edirlər. Yeni Azərbaycan Partiyası indiyədək iştirak etdiyi bütün seçkilərdə böyük və inamlı qələbə qazanıb. Bu, heç də təsadüfi deyil. Bütün bunlar partiyanın ideya-siyasi xətti, nüfuzu, populyarlığı, siyasi qüvvə kimi xalqın, dövlətin maraqlarını dolğun şəkildə ifadə etməsilə sıx bağlıdır".
Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Tahir Süleymanov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində növbəti dəfə ardıcıl, böyük, inamlı qələbə qazanacağına inanır. Milli Məclis üzvlüyünə namizəd T.Süleymanov yenidən millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə seçicilərə geniş məlumat verib. Deputatlığa namizəd T.Süleymanov parlament seçkilərində namizədi olduğu partiyanın amalının "Yeni hədəflərə doğru!" olduğunu vurğulayıb: "Belə bir şüarın təbliğat-təşviqat kampaniyasında başlıca hədəf kimi seçilməsi partiyamızın ali məramı, ülvi məqsədlərilə bağlıdır. Biz müstəqil, demokratik, çiçəklənən Azərbaycanın qurulmasında mühüm rolu olan Yeni Azərbaycan Partiyası ilə yüksək rifaha doğru irəliləyirik. Yeni Azərbaycan Partiyası yarandığı gündən milli dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın yüksək sosial rifahı naminə fəaliyyət göstərir".
Görüşdə seçiciləri maraqlandıran bir sıra məsələlər yerindəcə həll olundu. Eyni zamanda, seçicilər deputatlığa namizəd Tahir Süleymanova öz təkliflərini, arzu və istəklərini çatdırdılar. Çıxış edənlər artıq öz seçimlərini etdiklərini qeyd edərək noyabrın 1-də keçiriləcək parlament seçkilərində YAP-ın namizədi Tahir Süleymanova səs verəcəklərini vurğuladılar.
R.KAMALQIZI