97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin növbəti görüşü Tərtərdə keçirilib. Belə ki, budəfəki təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən mitinq-görüş Tərtər rayonunun Bəyimsarov, Sarov və Borsunlu kəndlərinin seçicilərini əhatə edib.
Mitinq-görüşü Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açıb. O, qeyd edib ki, bu gün Azərbaycanın regionları inkişaf və tərəqqi yolundadır və Tərtər də bu sırada birincilik təşkil edən bölgələrimizdəndir. Söz yox ki, inkişaf təzahürünün əsas mahiyyəti bilavasitə Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin istiqamət götürdüyü mütərəqqi və məqsədyönlü yolundan ibarətdir. Bu yolu Onunla bir yerdə Azərbaycan xalqı da addımlayır.
Ramiz Şabanov bildirib ki, YAP tərəfindən namizədliyi irəli sürülən Ağalar Vəliyev də respublikada tanınmış və nüfuzlu simalardandır. Onun regionda gördüyü böyük işlər hər bir tərtərlinin xatirəsində dərin izlər buraxıb. Bu baxımdan, hər bir seçicini Ağalar Vəliyevə səs verməyə dəvət edən Ramiz Şabanov, eyni zamanda vətəndaşları seçki günü fəal olmağa, elliklə səsvermə məntəqələrinə getməyə çağırıb.
Sonra namizədin vəkili Rəxşəndə Abdullayeva görüş iştirakçılarını Ağalar Vəliyevin tərcümeyi-halı, vəkil Nigar Əliyeva isə onun deputatlıq fəaliyyəti haqda geniş hesabatla məlumatlandırıblar. Onlar seçicilərə YAP-ın namizədlərinə dəstək olmağa, bununla da növbəti qələbə və zəfərlərə tərəf birgə addımlamağa səsləyiblər.
Daha sonra millət vəkilliyinə namizəd Ağalar Vəliyev IV çağırış Milli Məclisin deputatı kimi Qaradağ rayonunda gördüyü işlər barədə seçicilərə geniş məlumat verib və qeyd edib ki, orada apardığı quruculuq və xeyriyyəçilik işini, seçiləcəyi təqdirdə 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsinin əhatə etdiyi kənd və qəsəbələrdə də davam etdirəcək. Bəyimsarov kənd ağsaqqalı Bəhmən Bayramov, baş həkim Mehriban Hüseynova, Sarov kəndinin sakini Telman Paşayev, Bildirçinli kənd sakini İnqilab Hətəmov, Borsunlu kənd sakini Qədir Hüseynov çıxış edərək deputatın bundan əvvəlki fəaliyyətilə bağlı məlumatlı olduqlarını, Ağalar Vəliyevin məhz onların dairəsindən namizədliyinin irəli sürülməsini razılıqla qarşıladıqlarını deyiblər.
Rövşən NURƏDDİNOĞLU