Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında respublikanın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələr, ötən dövrdə Suraxanı rayonunun həyatında əldə edilmiş uğurlar və qarşıda duran məsələlər Suraxanı rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında müzakirə olunub.
Görüşdə məruzə ilə çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 12 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.
İ.Abbasov qeyd edib ki, dövlət başçısının düşünülmüş siyasəti respublikamızın bütün bölgələrində, o cümlədən Suraxanı rayonunda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan vermiş, iqtisadi, sosial və mədəni sahələrdə yeni uğurların qazanılmasına şərait yaratmışdır. Suraxanı rayonunda ekoloji məsələlərin həllinə diqqətin artığını bildirən İ.Abbasov dövlət başçısının müvafiq sərəncamlarına və qəbul edilmiş Dövlət Proqramına əsasən Bakı şəhərində mövcud olan göllərin, o cümlədən Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılmışdır: "Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinci "Ümumrespublika Yaşıllaşdırma Marafonu" çərçivəsində cari ildə də ağacəkmə kampaniyası davam etdirilmiş, marafon çərçivəsində rayonun idarə və müəssisələrinin iştirakilə 11 ümumrayon iməciliyi keçirilərək 7,4 mindən artıq ağac əkilmişdir". Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinin daim nəzarətdə saxlanıldığını bildirən natiq rayon əhalinin sosial müdafiəsi mərkəzində 2015-ci ilin 9 ayı ərzində 7496 nəfərə 4,57 milyon manatdan artıq sosial müavinətin ödənildiyini, 2173 ailəyə 3,04 milyon manatdan artıq ünvanlı sosial yardım göstərildiyini, 218 nəfər tənha və əlil vətəndaşa evində sosial xidmət göstərildiyini qeyd edib.
Məruzə ətrafında Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Fərəc Quliyev və digər şəxslər çıxış ediblər. Tədbirdə əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər və onların aradan qaldırılması yolları, rayonun gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.
Sonda rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup şəxs rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.
Zümrüd BAYRAMOVA