Növbəti dayanacaq Balakən rayonunun Qabaqçöl kəndi olub
Yeni Azərbaycan Partiyasından (YAP) 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd Nəsib Məhəməliyevin Qabaqçöl qəsəbəsi seçiciləri ilə görüşü keçirilib. Növbəti görüş 2 saylı Qabaqçöl texniki-peşə məktəbinin həyətinə keçirilib. Görüşə qatılan seçicilər Nəsib Məhəməliyevi səmimi qarşılayaraq salamlayıblar.
Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev Balakən rayonuna rəhbərlik etdiyi vaxtlar barədə söhbət edib: "Mən əziz balakənliləri hər zaman özümə ən yaxın insanlar kimi qəbul etmişəm. Çünki bu bölgənin qonaqpərvərliyi, mərdliyi dillər əzbəridir. Rayonda rəhbər vəzifədə çalışarkən, ən yaddaqalan xatirələrimi daim xatırlayıram. Dövlətimizin mənə göstərdiyi etimadı hər zaman doğrultmağa çalışmışam və inanıram ki, Yeni Azərbaycan Partiyasının məni deputatlığa namizəd kimi irəli sürməsi də bu etimadın göstəricisidir. Digər tərəfdən, bu bölgədə çalışdığım üçün buranın təbiətini, coğrafiyasını, quruluşunu yaxşı tanıyıram. Ona görə də mövcud problemlər barədə də xəbərdaram. Sizlər, dəyərli balakənlilər mənə dəstək verəcəyiniz təqdirdə, rayonun inkişaf və tərəqqisinə öz əməyimi əsirgəməyəcəyəm. Çünki bizlər Ulu Öndər Heydər Əliyev siyasi xəttinə, eləcə də ölkə rəhbərimiz Cənab İham Əliyevə hər zaman sadiq olmuşuq. Biz bu sədaqətimizi əməli işlərimizlə sübuta yetirməliyik."
Sonra deputatlığa namizəd Bakının mərkəzi rayonlarından biri olan Nəsimi rayonundkı fəaliyyəti zamanı daim Balakən və balakənliləri xatırladığını bildirib. Kənd sakinləri də, öz növbələrində Nəsib Məhəməliyevi hər zaman xoş xatirələrlə xatırladıqlarını bildiriblər. Nəsib Məhəməliyevlə birgə çalışan işçilər söz alaraq onun təşkilatçılıq qabiliyyətindən və rayonda gördüyü işlərindən danışıblar. Kənd sakinləri Yeni Azərbaycan Partiyasının namizədinə dəstək verəcəklərini, seçkilər günü fəal qaydada məntəqələrə gedəcəklərini vurğulayıblar.
Seçicilər adından Qabaqçöl qəsəbə uşaq bağçasının müdiri Fatma Nooyeva çıxış edərək Nəsib Məhəməliyevə uğurlar arzuladı və qəsəbədə olan uşaq bağçasının yenidən tikilməsi üçün aidiyyatı qurumların qarşısında məsələ qaldırılmasını xahiş etdi.
Qəsəbə sakini M.Qurbaçova Nəsib Məhəməliyevi onun uzaq şəhərdə yaşayan valideynləri adından təbrik etdi və 1 noyabr seçkilərində uğurlar arzulayıb.
Rövşən NURƏDDİNOĞLU