"Hər bir sakinin sosial-məişət və s. problemlərini dinləyib, onları həll etmək bizim vəzifə və vətəndaşlıq borcumuzdur"
70 saylı Masallı şəhər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nəriman Əliyev Əlibala oğlunun 1 noyabr 2015-ci il tarixdə keçiriləcək Milli Məclis seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonunun Musaküçə kəndindən olan seçicilərlə növbəti görüşü keçirilib.
Seçicilərin çox böyük maraqla qatıldıqları görüşü YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq qarşıdan Azərbaycan xalqı üçün çox əhəmiyyətli və taleyüklü bir günün, Milli Məclisə növbəti seçkilərin gəldiyini qeyd edib. O, ölkəmizdə keçirilən bütün seçkilərdə Masallı əhalisinin yüksək əhval-ruhiyyə və fəallıqla iştirak etdiklərini vurğulayaraq, Yeni Azərbaycan Partiyasının və onun Sədri, ölkə Prezidenti İlham Əliyevin respublikamızın inkişafı üçün gördüyü işlər haqqında da geniş məlumat verib.
Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatı Seçki Qərargahının üzvü Qardaş Fətullayev YAP-ın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi: "1993-cü ildə Azərbaycan məhv olmaq təhlükəsində idi. Bu gün isə Cənubi Qafqaz regionunun lider dövlətidir. Ulu Öndərimizin əsasını qoyduğu inkişaf konsepsiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Daha sonra çıxış edən kənd sakini, ziyalı İsa Nuriyev Nəriman Əliyevin fəaliyyətini yüksək qiymətləndirərək onun deputat seçilməsinin bütün rayon üçün uğurlu olacağını vurğuladı. YAP iqtidarının Azərbaycan xalqının rifahı üçün gördüyü böyük işlərdən söz açan natiq bu inkişafın davamlı olması üçün qarşıdan gələn seçkidə hər kəsi YAP-ın namizədinə səs verməyə çağırdı.
Seçicilərlə görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsindən depudatlığa namizədi Nəriman Əliyev onlarla görüşündən məmnun olduğunu qeyd edib və görüşə maraq göstərdikləri və iştirak etdikləri üçün seçicilərə öz minnətdarlığını bildirib. N.Əliyev Azərbaycan xalqının yekdilliklə dəstəklədiyi Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı naminə gördüyü işlərdən və partiyanın parlamentdə göstərmiş olduğu fəaliyyətindən söz açaraq görüş iştirakçılarını bundan sonra da Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşməyə çağırıb.
Görüşün sonunda Musaküçə kənd sakinlərinin problem və istəkləri dinlənilib, onların sualları cavablandırılıb.
RƏFİQƏ KAMALQIZI