Xaçmaz sakinləri YAP-ın namizədlərinə səs verəcək
Dünən 55 saylı Xaçmaz kənd Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Eldəniz Adil oğlu Səlimovun rayonun səhiyyə işçiləri ilə görüşü keçirilib. Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq Milli Məclis üzvlüyünə namizəd Eldəniz Adil oğlu Səlimov barədə seçicilərə geniş məlumat verib. N.Ağayev çıxışında bildirib ki, Xaçmazda Yeni Azərbaycan Partiyasının namizədi Eldəniz Səlimovun təbliğat-təşviqat kampaniyası mütəşəkkil qaydada, seçicilərin fəal və kütləvi iştirakı ilə keçir: "Yeni Azərbaycan Partiyasının namizədi Eldəniz Səlimov Xaçmazda seçicilər tərəfindən böyük diqqət və rəğbətlə qarşılanır. İnanırıq ki, partiyamız ardıcıl uğurlarını davam etdirərək, 1 noyabr seçkilərində inamlı qələbə qazanacaq".
Deputatlığa namizəd Eldəniz Səlimov görüşdə çıxış edərək seçiciləri maraqlandıran məsələlərə aydınlıq gətirib, yerli sakinlərin suallarını dolğun, məzmunlu şəkildə cavablandırıb. Eldəniz Səlimov millət vəkili seçiləcəyi təqdirdə, göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını söyləyib. Milli Məclis üzvlüyünə namizəd seçki platformasında göstərilən hədəflərə çox ciddi yanaşdığını, müvafiq məqsədlərə çatmaq üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb: "Milli Məclis üzvlüyünə namizəd kimi, seçicilərin etimadını qazanacağım təqdirdə, bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Çalışacağam ki, parlamentdə hər bir seçicini layiqincə təmsil edim. İnanıram ki, seçicilər 1 noyabr seçkilərində düzgün seçim edəcək və ən layiqli namizədi seçəcəklər".
Sonda seçiciləri maraqlandıran suallar cavablandırılıb.
R.HÜSEYNOVA