Yeni Azərbaycan Partiyası 51 saylı Qusar Seçki Dairəsindən Milli Məclisə deputatlığa partiyanın namizədi Badamov Azər Camal oğlunun oktyabr ayının 22-də rayonun Əcəxur kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək, Azərbaycanın möhkəm dayaqlar üzərində qurulduğunu qeyd edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, müasir dünyada cərəyan edən mürəkkəb iqtisadi və siyasi proseslər şəraitində Azərbaycan dinamik inkişaf edərək, ölkədə sabitlik hökm sürür:"Mövcud ictimai-siyasi sabitlik Azərbaycanda uğurlu siyasi və iqtisadi islahatların aparılmasında önəmli rol oynayır. Belə bir zamanda Azərbaycanda seçkilərin azad və şəffaf keçirilməsi, seçicilərin öz iradəsini sərbəst ifadə etməsi üçün şərait var".
D.İbramxəlilov seçiciləri noyabrın 1-də keçiriləcək seçkilərdə düzgün seçim etməyə çağıraraq, ölkənin ictimai-siyasi həyatında rolu və sözü ola biləcək namizədlərə səs verməyə çağırıb.
Seçicilərlə keçirilən tədbirlərdə Milli Məclisə namizəd Azər Badamov özünün seçki platforması haqqında məlumat verib. A.Badamov, ilk növbədə Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə deputatlığa namizədliyinin irəli sürüldüyünə görə minnətdarlığını bildirib. Yenidən millət vəkili seçiləcəyi təqdirdə, qarşıdan gələn 5 ildə fəaliyyətini xalqın, cəmiyyətin istəklərinə uyğun olaraq, dövlətimizin qarşıya qoyduğu vəzifələri yerinə yetirərək, töhfəsini verəcəyini bildirib. Azərbaycanın inkişaf və tərəqqisi və xalqın rifah halının daha da yaxşılaşdırılması istiqamətində yorulmadan çalışacağını bildirib. Azər Badamov 1 noyabrda keçiriləcək seçkilərdə seçicilərinin daha fəal olmağı tövsiyə edib.
Görüşdə seçiciləri maraqlandıran suallar cavablandırılıb.
Kənd seçiciləri adından çıxış edən Seyidməhəmməd Balabəyov, Həmid Əmiraslanov, Ruslan Teymurov və başqaları birmənalı olaraq 1 noyabr tarixində keçiriləcək seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI