PDF Oxu

Siyasət

  • 51

Xəzər rayonunun seçiciləri parlament seçkilərinə inamla gedirlər

Xəzər rayonunun seçiciləri parlament seçkilərinə inamla gedirlər

Namiq Əhmədov: "Bütün seçkilərdə YAP Xəzər rayon təşkilatı xeyli fəallıq göstərib"

"Yeni Azərbaycan Partiyası (YAP) əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu və siyasi çəkisini cəmiyyətdə daha da artırıb. Bu gün partiyanın sıralarında 650 mindən çox üzvün birləşməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir". Bu sözləri "SƏS" qəzetinə açıqlamasında YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov 1 noyabr parlament seçkilərinə hazırlıqla bağlı fikirlərini bildirərkən deyib. Onun fikrincə, xüsusi olaraq vurğulanmalıdır ki, yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib. YAP-ın bütün seçkilərdə qələbə qazanması xalqın bu təşkilata sonsuz dəstəyi də belə deməyə əsas verir ki, bütövlükdə, əldə edilən nailiyyətlər ictimai-siyasi proseslərə daha böyük əminliklə yanaşmağa əsas verir. Ümumiyyətlə, fakt budur ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Hazırda partiyamız mühüm bir siyasi hadisə ərəfəsindədir. Noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. YAP bu seçkilərə hazırdır və uğurlu seçki kampaniyası keçirir. İnanıram ki, partiyamız bu dəfə də seçki kampaniyasını uğurla başa vuracaq. Artıq bunun üçün bütün imkanlar, resurslar səfərbər olunmaqla yanaşı, həm də icra edilməkdədir".

Namiq Əhmədov YAP-ın namizədlərinin xalq tərəfindən dəstəklənməsinin əsas mahiyyətinin nədən ibarət olmasına da toxunub və bildirib ki, xalqın inamının təməlində dövlətin uğurlu siyasət faktoru dayanır: "Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu. Cəmiyyətimizin çağdaş Lider imicilə qəbul edərək rəğbət bəslədiyi ölkə başçısı malik olduğu mənəvi keyfiyyətləri, xarizması, diplomatik qabiliyyəti, yüksək intellekti və dünyagörüşü ilə XXI əsrin Azərbaycanına rəhbərlik edən Prezident portretini yaratdı.

Namiq Əhmədovun sözlərinə görə, Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir: "Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur. Təbii ki, Azərbaycan xalqı bütün bunları görür və dəstəkləyir. Bu uğurlu amilin seçkilərə və müvəffəqiyyətlər qazanılmasına təsir etməsi isə şübhədizdir. Bilirsiniz, partiya belə hesab edir ki, hər bir insanın yaxşı yaşamağa haqqı var. Məhz Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət də hər bir vətəndaşın zəngin, firəvan, yüksək rifah şəraitində yaşamasına xidmət edir. YAP fəaliyyətində bu yöndə dövlət siyasətinə ciddi dəstək verməkdədir".

YAP Xəzər rayon təşkilatının fəaliyyəti haqqında da söhbət açan patyiyanın Siyasi Şurasının üzvü vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı ilbəil fəaliyyətini genişləndirir: "Bu baxımdan, bir daha vurğulamaq yerinə düşərdi ki, bütün seçkilərdə YAP Xəzər rayon təşkilatı xeyli fəallıq göstərib, həm seçiçilər arasında maarifləndirmə işinin, həm də partiyanın təbliğatının aparılmasında bir sıra mühüm tədbirlər həyata keçirilib. Bu amil bizim təşkilatın statistik rəqəmlərində də özünü göstərir. Nəzərinizə çatdırım ki, YAP Xəzər rayon təşkilatının da ilk partiya təşkilatlarının sayı 90-dır.Təşkilatımızda partiyamızın üzvlərinin sayı 5 min 935 nəfərdir. Onların 3 min 339-u qadınlar, 2 min 282 gənclərdir. Ərazi ilk partiya təşkilatlarının sayı isə 87-dir. Bizim ilk dəfə səs verəcək gənclərimizin sayı artmışdır. Məsələn, 14 saylı seçki dairəsində 722 nəfər,13 saylı seçki dairəsində isə 335 nəfər ilk dəfə səs verəcək gənclərimiz var. Bizim fəallar onlarla da maarifləndirmə işləri aparıblar".

Namiq Əhmədov son olaraq vurğulayıb ki,Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq, Bakı şəhəri və eləcə də, respublikamizin regionları inkişaf edərək öz simasını tam dəyişib. Bu dəyişikliklər Xəzər rayonunda da yüksək səviyyədə gözə çarpmaqdadır: "Bildiyiniz kimi, Azərbaycanın Birinci Xanımı, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Məclisdə hər zaman Xəzər rayonu seçicilərini təmsil edib və Onun partiyamız tərəfindən növbəti dəfə namizədliyi irəli sürülüb. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonumuzda çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Mehriban xanım Əliyevanın ölkənin Birinci Xanımı kimi həyata keçirdiyi xeyirxahlıq missiyası da ictimaiyyət, o cümlədən, Xəzər rayonu sakinləri tərəfindən dəyərli bir örnək kimi qəbul olunur və söz yox ki, YAP Xəzər rayon təşkilatının üzvləri də rayonun həyatında, ictimai-siyasi proseslərdə, quruculuq və abadlıq işlərində fəal iştirak edirlər. Biz əminik ki, namizədlərimiz bu seçkilərdə də qələbə qazanaraq, xalqın rifahının daha da yaxşılaşdırılmas istiqamətində yorulmadan çalışacaq, dövlətimizin güclənməsinə öz əvəzsiz töhfələrini verəcəklər".

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər