Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində partiya tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Nəriman Əlibala oğlu Əliyevin Masallı rayonunun Həsənli kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qeyd edib ki, YAP yarandığı gündən etibarən ictimai-siyasi müstəvidə ciddi nailiyyətlər əldə edib, qatıldığı bütün seçkiləri parlaq qələbələrlə başa vurub: "Əminliklə deyə bilərəm ki, növbəti seçkilər də möhtəşəm qələbə ilə yadda qalacaq. Yeni Azərbaycan Partiyası xalqı üçün çalışan, dövlətçiliyimiz qarşısında böyük xidmətləri olan insanların bu seçkilərdə millət vəkilliyinə namizədliklərini irəli sürüb. Partiyamızın 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə namizədi Nəriman Əlibala oğlu Əliyev də məhz belə insanlardandır. İnanıram ki, əldə olunan bu uğurları göz önündə tutan Azərbaycan xalqı yenə də öz doğru seçimini edərək YAP-ın namizədlərini dəstəkləyəcək".
Görüşdə çıxış edən Həsənli kənd sakini Əliağa Hüseynov, Vəli Vəlişov, Nazilə Hüseynova və başqaları Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsindən Milli Məclisə namizədi Nəriman Əliyevin layiqli namizəd olduğunu qeyd edərək seçkidə yekdilliklə ona səs verəcəklərini söyləyiblər.
Görüşdə prezident təqaüdçüsü, YAP Masallı rayon təşkilatı Seçki Qərargahının üzvü Məmmədhüseyn Hüseynov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən bu gün böyük uğurla davam etdirildiyini vurğulayıb. M.Hüseynov Həsənli kəndinin seçicilərinə müraciət edərək hər kəsi YAP-ın ətrafında sıx birləşməyə və onun namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədi Nəriman Əlibala oğlu Əliyev bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən mükəmməl uğurlu strategiya nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edən ölkələr sırasına daxil olub. Bu inkişaf ölkəmizin hər bir regionunda açıq şəkildə özünü göstərir.
Nəriman Əliyev, həmçinin seçicilərin etimadını qazanıb millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər haqqında da məlumat verib: "Parlament üzvünün vəzifələri qanunlarla müəyyənləşib. Deputatların əsas vəzifəsi qanun yaradıcılığı işilə məşğul olmaqdır. Amma insanların dəstəyilə parlamentə seçilən şəxs də həmin insanların problemlərilə maraqlanmağa və həllinə çalışmağa borcludur. Mən də sizi əmin edirəm ki, bütün gücümlə sizin etimadınızı doğrultmağa çalışacağam. Hamınızı 1 noyabrda keçiriləcək seçkidə YAP-ın namizədinə səs verməyə çağırıram".
Sonda kənd sakinləri mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürüblər.
RƏFİQƏ KAMALQIZI