PDF Oxu

Siyasət

  • 24

Uğurlu gələcəyə doğru

Uğurlu gələcəyə doğru

Ağacan Abiyev: "Hər zaman olduğu kimi, bu seçiklərdə də xalqın inamına və dəstəyinə arxalanıram"

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 32 saylı Suraxanı III Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Abiyevin seçicilərlə görüşünü keçirilib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəhimov partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. Natiq, həmçinin YAP-ın siyasi nüfuzundan, partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasından, sosial rifah siyasətinin uğurlarından ətraflı bəhs edib.

Fərman Rəhimov çıxışının sonunda bütün müsbət keyfiyyətlərə malik YAP-ın namizədi Ağacan Abiyevə səs verməyə çağırıb.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 32 saylı Suraxanı III Seçki Dairəsindən Milli Məclisə namizədi Ağacan Abiyev qeyd edib ki, o, hər zaman olduğu kimi bu seçiklərdə də xalqın inamına və dəstəyinə arxalanır: "Mən inanıram ki, xalqımız Ümummilli Lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini bu dəfə də nümayiş etdirəcək və noyabrın 1-də seçki məntəqələrinə gedərək səslərini əsl namizədə verəcəklər".

Ağacan Abiyev namizədliyinin YAP tərəfindən irəli sürülməsinin onun üçün ən böyük etimad olduğunu, seçiləcəyi təqdirdə, bu etimadı doğruldacağını bildirib. A.Abiyev onu da əlavə edib ki, YAP öz sıralarında, həm də namizədləri siyahısında cəmiyyətdə kifayət qədər nüfuza, intellektual potensiala malik olan və Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi istiqamətində çox önəmli işlər görmüş nümayəndələri birləşdirir: "Bu faktor vətəndaşların YAP-a olan inamını daha da artırır. YAP-ın bütün namizədləri kimi, mənim üçün də başlıca amil ölkəmizin inkişafı və sabitliyinin möhkəmlənməsidir. Bu baxımdan da düşünürəm ki, seçicilər inkişafa və sabitliyin təminatına səs verəcəklər".

Çıxış edən Ağacan Abiyevin səlahiyyətli nümayəndəsi, Azərbaycan Dövlət Bədən və İdman Akademiyasının prorektoru Yusif Babanlı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kompleks və sistemli islahatlar həyata keçirilir: "Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan dövlətinin sosial inkişaf, iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasəti respublikamızı böyük inkişaf yoluna çıxarıb. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərir. Azərbaycan xalqı da bu amili əsas götürərək, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə inandığını, etimad göstərdiyini verdiyi dəstəklə nümayiş etdirib. İnanırıq ki, bu il keçirilən parlament seçkilərində də xalqımız YAP-ın namizədlərinə səslərini verəcək, onların qalibiyyətlərini bayram edəcəklər".

Seçicilər isə çıxışları zamanı mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürüblər. Sonda görüşdən razı qalan Suraxanı rayon sakinləri Yeni Azərbaycan Partiyasının 32 saylı Suraxanı III Seçki Dairəsindən Milli Məclisə namizədi Ağacan Abiyevə səs verəcəklərini söyləyiblər.

İntizarə Məmmədova

Digər xəbərlər