48 saylı Yevlax seçki dairəsinin seçki məntəqələri noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərə hazırdır.Dairə seçki komissiyasının sədri Yaşar Abbasov AZƏRTAC-a bildirib ki, Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim planına uyğun olaraq bütün məntəqə seçki komissiyalarında seçkiyə hazırlıq işləri başa çatdırılıb, məntəqələr telefon rabitəsi, elektrik enerjisi və yanğından mühafizə vasitələri ilə təmin olunub. Namizədlərə seçkiqabağı təşviqat materiallarını yerləşdirmək və seçicilərlə görüşlər keçirmək üçün müvafiq yerlər ayrılıb. Hazırda namizədliyi qeydə alınanlar onlar üçün ayrılmış açıq və qapalı yerlərdə təbliğat və təşviqat işləri aparırlar.Komissiya sədrinin bildirdiyinə görə, dairənin tərkibinə daxil olan 31 seçki məntəqəsi üzrə 33 min 848 seçici qeydə alınıb. Onlardan 307 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 819 nəfəri 80-100 yaş arasında, 13 seçicinin yaşı isə 100-dən yuxarıdır. 27 saylı seçki məntəqəsində qeydə alınmış 119 yaşlı Zərnişan İsmayılova rayonun ən yaşlı seçicisidir.Dairənin tərkibinə daxil olan 6 saylı seçki məntəqəsi Yevlax şəhər 7 nömrəli tam orta məktəbin binasında yerləşir. Digər seçki məntəqələri kimi, bu məntəqədə də səsvermə gününə hazırlıq işləri başa çatıb.Məntəqə seçki komissiyasının sədri Elnarə Məmmədova bildirib ki, dəqiqləşdirilmiş son siyahıya əsasən 1472 seçici qeydə alınıb. Məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvermə prosesini onlayn izləmək üçün veb-kamera da quraşdırılıb. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi başa çatdırılıb.Şəhər 5 nömrəli tam orta məktəbin binasında yerləşən 7 saylı seçki məntəqəsi də seçkilərə hazırdır. Məntəqə seçki komissiyasının sədri Zərxanım Əhmədovanın sözlərinə görə, məntəqə səsvermə kabinələri, seçki qutuları ilə təmin olunub. Seçici siyahıları, təbliğat və təşviqat xarakterli plakatlar seçki məntəqəsinin girişində, nəzərəçarpacaq yerlərdə asılıb. Artıq bildirişlərin paylanılması da başa çatdırılıb.48 saylı seçki dairəsinin əhatə etdiyi digər məntəqələrdə də səsvermə gününə hazırlıq işləri seçki qanunvericiliyinin tələblərinə uyğun aparılıb. Məntəqələrdə gördüklərimiz onu deməyə əsas verir ki, noyabrın 1-də Yevlax seçicilərinin öz iradələrini sərbəst, demokratik və şəffaf şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.
AZƏRTAC