PDF Oxu

Siyasət

  • 30

Siyavuş Novruzov seçicilərilə izdihamlı görüş keçirib

Siyavuş Novruzov seçicilərilə izdihamlı görüş keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən namizədi, YAP İcra katibinin müavini Siyavuş Dünyamalı oğlu Novruzovun Babək rayonunun Xal-xal, Vayxır, Sirab, Qahab kəndlərində seçicilərilə izdihamlı görüşləri keçirilib.

Görüşləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri İsa Məmmədov qeyd edib ki, parlament seçkilərinə start verilən gündən etibarən Yeni Azərbaycan Partiyası bütün zəruri seçki hərəkətlərini Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və partiyanın seçki proqramına müvafiq şəkildə və yüksək mütəşəkkilliklə həyata keçirib: "Hazırda Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçkilərin təbliğat-təşviqat kampaniyası davam edir və partiyanın namizədləri yerlərdə seçicilərlə görüşlər keçirirlər. Tam səmimiyyətlə deyə bilərəm ki, YAP tərəfindən irəli sürülən namizədlər Azərbaycan dövlətçiliyinin inkişafında, partiyamızın möhkəmlənməsində və qüdrətlənməsində, xalqımızın sosial rifah halının yaxşılaşdırılmasında müstəsna xidmətləri olan, cəmiyyətimiz tərəfindən yüksək hörmət və ehtiramla qarşılanan, nüfuzlu insanlardır. Ona görə də, YAP bu şəxslərə böyük etimad göstərərək, onların namizədliyini irəli sürüb. Düşünürəm ki, Babək rayonunun seçiciləri də partiyamızın qərarlarını dəstəkləyərək, deputatlığa namizəd Siyavuş Novruzova səs verəcəklər". Daha sonra namizədin elmi, içtimai-siyasi fəaliyyəti haqqında məlumat verən İ.Məmmədov bildirib ki, Siyavuş müəllim Vətənini, xalqını sevən vətənpərvər insan olmaqla yanaşı, gözəl, səmimi, xeyirxah əməllərilə tanınır. Siyavuş Novruzov ona ünvanlanan heç bir müraciəti cavabsız qoymur, köməksiz, imkansız insanların daim köməyinə çatır, onlara əlindən gələni əsirgəmir. Bütün bu keyfiyyətləri əsas tutaraq, mən bütün seçicilərimizi məhz belə bir namizədə, xalqa, dövlətə sədaqətlə xidmət edən Siyavuş Novruzova səs verməyə çağırıram". Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən namizədi, YAP İcra katibinin müavini Siyavuş Novruzov ilk olaraq, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb. Siyavuş Novruzov qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb: "Bu gün ölkəmizin bütün bölgələrində davamlı inkişaf layihələri həyata keçirilir. Rayon mərkəzləri, qəsəbə və kəndlərdə geniş quruculuq- abadlıq işləri aparılır, park və xiyabanlar salınır. Hər bir bölgədə yeni istehsal və emal müəssisələri, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə yeni obyektlər yaradılır, infrastrukturun, o cümlədən, elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə infrastrukturunun, sosial infrastrukturun inkişafı istiqamətində uğurlu addımlar atılır. Eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, onların güzəranının xeyli yaxşılaşdırılması üçün işlər görülür. Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə səbəb olmaqdadır".

Çıxışında parlament seçkilərinin Azərbaycanın demokratik inkişafında mühüm mərhələlərdən biri olduğunu qeyd edən Siyavuş Novruzov onu da bildirib ki, deputat olmaq üçün əsas resurs xalqın səsidir, vətəndaşların namizədə olan inamının təmin olunmasıdır.

Siyavuş Novruzov seçiciləri seçkilərdə aktiv iştirak etməyə, etimadlarını doğruldacaq namizədə səs verməyə çağırıb.

Çıxış edən kənd sakinləri isə öz növbələrində Siyavuş Novruzovu yenidən özlərininin deputatı görmək istədiklərini dilə gətirərək, ona böyük inam və hörmət bəslədiklərini, bu seçkilərdə də məhz ona səs verəcəklərini bildiriblər.

İntizarə Məmmədova

Digər xəbərlər