Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. Milli Məclis üzvülüyünə namizədlər seçicilərlə görüşür, onlara öz platformaları barədə ətraflı məlumat verirlər. Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə 32 saylı Suraxanı III Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Abiyevin seçicilərlə görüşləri coşqu və yüksək seçici fəallığı ilə davam edir. Söhbətlərə və gəlinən qənaətə əsasən demək olar ki, bu dəfə də seçicilərin seçimləri dəyişməyəcək. Seçki günü məntəqələrə gedərək hər zaman dövlətə, dövlətçiliyə sədaqəti, xalqa bağlılığilə seçilən Ağacan Abiyevə səs verəcəklər. Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, depudatlığa namizəd Ağacan Abiyevin səlahiyyətli nümayəndəsi Yusif Babanlı, ziyalılar, elm adamlar, rayon ictiamiyyətinin nümayəndələri Ağacan Abiyevin insani keyfiyyətlərindən, xalqa, dövlətə xeyrli, gərəkli fəaliyyətindən danışıb, seçiciləri ona səs verməyə dəvət edirlər.
Seçicilər qarşısında çıxışı zamanı Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov seçkilərə "Yeni hədəflərə doğru" şüarilə gedən partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. Təşkilat sədri YAP-ın siyasi nüfuzundan, partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasından, sosial rifah siyasətinin uğurlarından ətraflı söz aşıb. Bildirilib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanıb. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb.
Millət vəkilliyinə namizəd Ağacan Abiyev seçicilərlə görüşü zamanı Azərbaycanın daxili və xarici uğurlarından, beynəlxalq münasibətlər sistemində artan rolundan bəhs edib.
Ağacan Abiyev qeyd edib ki, bu gün nəinki ölkənin, eləcə də Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası daim dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib, nəhəng xalq kütləsinin sevgisini qazanıb. Belə bir partiyanın namizədi olmaqdan qürur hissi keçirdiyini qeyd edən Ağacan Abiyev bildirib ki, bütün bu kimi əhəmiyyətli amilin arxasında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlü, qətiyyətli siyasət və bu siyasətin ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi dayanır: "Məhz bu kimi önəmli nəzəriyyələri təhlil edərkən, belə qənaətə gəlmək olar ki, Azərbaycanın davamlı uğurları, Yeni Azərbaycan Partiyasının nüfuzu, siyasi çəkisi növbəti parlament seçkilərində də qələbəni şəksiz edir".
Ağacan Abiyev, həmçinin ölkədə yürüdülən idman siyasətindən də danışıb. Onun sözlərinə görə, ölkəmiz artıq dünyanın idman arenasında lider dövlətlərdən biridir: "Bu il Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi, bu hadisənin dünyanın tarixinə Azərbaycan adı ilə yazılması hər birimizin uğuru, hər birimizin qələbəsidir. Söz yox ki, xalqımızı qarşıda daha böyük və növbəti uğurlar gözləyir. Ölkəmiz İslam Ölkələrinin İdman Oyunlarına hazırlaşır və bu da Azərbaycanın dünya birliyindəki növbəti qələbəsidir".
Seçicilər isə çıxışları zamanı mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürürlər. Görüşlərdən razı qalan Suraxanı rayon sakinləri Yeni Azərbaycan Partiyasının 32 saylı Suraxanı III Seçki Dairəsindən Milli Məclisə namizədi Ağacan Abiyevə səs verəcəklərini söyləyiblər.
İntizarə Məmmədova