Partiyanın namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevin seçicilərlə növbəti görüşü keçirilib
Dünən Səbail rayonunun Bibiheybət qəsəbəsinin mədəniyyət evində 29 saylı Səbail Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevin qəsəbə sakinlərilə görüşü keçirilib. Tədbirdə 29 saylı Səbail Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev, namizədin səlahiyyətli nümayəndələri, rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev və Zəfər Babayev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan deputatlığa namizəd Şəmsəddin Hümmət oğlu Hacıyevin həyat və fəaliyyətilə bağlı qəsəbə sakinlərinə məlumat verib. Şəmsəddin Hacıyev Azərbaycanın uğurlu inkişafından danışaraq bildirib ki, son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ölkəmiz ən sürətlə inkişaf edənlər sırasındadır. Ş.Hacıyevin sözlərinə görə, müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Deputatlığa namizəd onu da vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir: "Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Belə ki, 2003-cü ildən başlayaraq ölkədə istər əmək haqları, istər pensiyalar, istərsə də digər sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb. Həmçinin, bu illər ərzində ümumi daxili məhsulun adambaşına düşən həcmi 4,7 dəfə artaraq, 3692 ABŞ dollarına çatıb, orta aylıq əmək haqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə yüksəlib. Bütün bu tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 5 faizədək azaldılıb".
Ş.Hacıyev, həmçinin YAP-ın uğurlarından danışaraq vurğulayıb ki, bu uğurlar həm də Azərbaycan xalqının uğurlarıdır. Bütün bu uğurların qazanılmasında ölkə Prezidenti İlham Əliyevin tükənməz zəhmətinin, qətiyyətinin olduğunu bildirən namizəd qəsəbə sakinlərini qarşıdan gələn seçkilərdə fəal olmağa, YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Şəmsəddin Hacıyev ümidvar olduğunu bildirərək, görüşdə sakinlərin hər birini keçirilən bütün siyasi kampaniyalarda Azərbaycanın heyrət doğuran reallıqlarının davamına tərəfdar olmağa səsləyib.
Qəsəbə sakinlərindən Şamama Hələbova, Minirə Kazımova, Abbas Mirzəyev və başqaları çıxış edərək, YAP-ın namizədi Şəmsəddin Hacıyevin fəaliyyətini yüksək qiymətləndirərək onun deputat seçilməsinin qəsəbə üçün böyük uğur olacağını vurğuladılar və qarşıdan gələn seçkidə hər kəs YAP-ın namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevə səs verəcəklərini bildirdilər.
Sonda qəsəbə sakinlərinin istək və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.
R.HÜSEYNOVA