Yeni Azərbaycan Partiyasından (YAP) 121 saylı Laçın Seçki Dairəsi üzrə Milli Məclis üzvlüyünə namizədi Abbaszadə Mahir Tapdıq oğlunun Xəzər rayonunda məskunlaşmış laçınlı seçicilərlə görüşü keçirilib
Yeni Azərbaycan Partiyasından (YAP) 121 saylı Laçın Seçki Dairəsi üzrə Milli Məclis üzvlüyünə namizədi Abbaszadə Mahir Tapdıq oğlunun təbliğat-təşviqat kampaniyası davam edir. Dünən kampaniya çərçivəsində növbəti görüş Xəzər rayonunda məskunlaşmış laçınlı seçicilərlə keçirilib. Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli noyabrın 1-də keçiriləcək parlament seçkiləri barədə ətraflı məlumat verib. Rayon təşkilatının sədri deyib: "İnanırıq ki, əvvəlki seçkilərdə olduğu kimi, noyabrın 1-də də kəlbəcərli seçicilər öz layiqli namizədlərinə - Mahir Abbaszadəyə səs verəcəklər".
Görüşdə çıxış edən seçicilər YAP-ın ən layiqli namizədləri xalq tərəfindən çoxluqla dəstəklənən namizədlər olduğunu bildiriblər.
Seçici Gülşad İbrahimov çıxışı zamanı bildirdi ki, YAP seçkilərə böyük inamla gedir: "Əminəm ki, partiyamız ötən seçkilərdə olduğu kimi, Milli Məclisə növbəti seçkilərdə də qələbə qazanacaq. Mən hər birinizi namizədimiz Mahir Abbaszadəyə səs verməyə çağırıram".
Zaur Abdullayev də çıxış zamanı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin, yaşayış şəraitinin gündən-günə daha da yaxşılaşdığını bildirib: "Milli Məclisdə mütəmadi olaraq öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş insanların sosial rifahının yüksəldilməsilə bağlı bir sıra müzakirələr aparılıb, qanun layihələri işlənib. Hörmətli seçicilər YAP-ın namizədlərini dəstəkləyəcəkləri təqdirdə, bu işlər davam etdiriləcək".
Deyilənləri dəstəkləyən digər seçicilər Əbülfət Mustafayev, Xanlar Behbidov, Mahizər Orucova, Natiq Dağlaroğlu və başqaları noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Mahir Abbaszadəyə səs verəcəklərini bəyan ediblər.
RƏFİQƏ KAMALQIZI