PDF Oxu

Siyasət

  • 32

Ağsaqqalların seçimi Rəşad Mahmudovdur

Ağsaqqalların seçimi Rəşad Mahmudovdur

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır. YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülən şəxslər seçicilərlə görüşür, onların problemləri ilə yaxından tanış olur, suallarını cavablandırırlar. Dünən 77 saylı Astara Seçki Dairəsindən deputatlığa namizəd Rəşad Mahmudov rayon ağsaqqalları ilə görüş keçirilib.

Görüşdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov çıxış edərək dövlətin regionlarda həyata keçirdiyi müxtəlif səpgili layihələri barədə məlumat verib. F. Əhmədov qeyd edib ki, regionlarda həyata keçirilən irimiqyaslı layihələrdən Astara rayonu da kənarda qalmayıb: "Kommunal xidmətlərin yenidən qurulması, abadlıq-quruculuq işlərinin aparılması və digər problemlərin öz müsbət həllinin tapması sakinlərin rifah halının yaxşılaşdırılmasına verilən töhfələrdəndir". F.Əhmədov rayon ağsaqqallarını seçkilərdə fəal olmağa, düzgün seçim etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

Daha sonra ağsaqqallar qarşısında çıxış edən YAP-ın 77 saylı Astara Seçki Dairəsindən deputatlığa namizədi Rəşad Mahmudov öz platforması haqqında məlumat verərək bildirib ki, məhz bu görüş hazırkı seçki marafonunda böyük əhəmiyyət kəsb edir: "Burada toplaşan ağsaqqalların hər biri ayrı-ayrılıqda rayonda nüfuz və hörmət sahibidirlər. Onların sözləri, əməlləri, missiyaları hər birimizin gözü önündədir. Ümüd edirəm ki, ağsaqqallarımız həmişə ağsaqqal sözünə, ağsaqqal xeyir-duasına hörmətlə yanaşan partiyamızın namizədlərinə səslərini verəcəklər".

Deputatlığa namizədlə görüşdə iştirak edən Azərbaycan Respublikasının Milli Məclisinin keçmiş deputatı Sultan Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, əməkdar müəllim Heybət Hüseynov, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev çıxışlarında Rəşad Mahmudovla görüşlərindən məmnun qaldıqlarını söyləyərək seçkilərdə mütəşəkkiliklə iştirak edəcəklərini və hamılıqla ən doğru namizədə-Rəşad Mahmudova səs verəcəklərini bildiriblər.

Sonda Rəşad Mahmudov ağsaqqal seçicilərinin suallarını cavablandırıb, təkliflərini dinləyib.

İntizarə Məmmədova

Digər xəbərlər