YAP Masallı rayon təşkilatı 1 noyabrda keçiriləcək parlament seçkilərilə bağlı təbliğat kampaniyasını uğurla davam etdirir
1 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əliyev Nəriman Əlibala oğlunun Masallı rayonunda seçicilərlə görüşü davam edir. Növbəti görüş Masallı rayonunun Qarcalıq və Şərəfə kəndində keçirilib.
Hər iki kənd seçicilərilə keçirilən görüşlərdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsinin sədri Seyfəddin Əliyev Azərbaycanın son zamanlrada əldə etdiyi uğur və nailiyyətlərdən söz açıb. Natiq əldə olunan bu uğurların düzgün götürülmüş siyasi kursun nəticəsi olduğunu qeyd edib: "Bu gün Azərbaycan dövləti yürütdüyü daxili və xarici siyasət nəticəsində dünyanın inkişaf etmiş dövlətləri arasında yer almaqla regionun lider dövlətinə çevrilib. Bu nailiyyətin təməlində isə Ümummilli Lider Heydər Əliyev başlamış olduğu düzgün siyasət kursu dayanır. Bu gün bu uğurlu siyasi kursu davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Onun ətrafinda sıx birləşən YAP iqtidarı Azərbaycanı daha da inkişaf etdirəcək gücə sahib bir komandadır. Məhz buna görə də biz YAP-ın Sədri Cənab İlham Əliyevin ətrafında sıx birləşməli və Onun apardığı siyasəti dəstəkləməliyik. Buna görə də mən sizin hər birinizi YAP-ın layiqli namizədi Nəriman Əliyevə səs verməyə çağırıram".
Görüşdə Qarğalıq kənd sakinlərindən, mətbuat sahəsində xidmətinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalına layiq görülmüş Əyyub Mehdiyev, ərazi ağsaqqallar şurasının sədri Rəbbi Kərimov, Masallı rayon "Ziyalılar" cəmiyyətinin sədri Qardaş Fətullayev, sahibkar "Fəxrəddin-K" MMC-nin direktoru Fəxrəddin Baxışov, həmçinin Şərəfə kəndində keçirilən görüşdə kənd sakinlərindən Xankişi Xankişiyev, Rafət Abbasov, YAP veteranı, prezident təqaüdçüçsü Şirvan Əbilov, tibb elmləri namizədi Tofiq Mirzəyev Nəriman Əliyevin YAP tərəfindən yenidən namizədliyinin irəli sürülməsini Masallı üçün böyük etimad və uğurun göstəricisi olduğunu qeyd edərək və hər kəsi seçkidə Nəriman Əliyevə səs verməyə çağırdılar.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədi Nəriman Əlibala oğlu Əliyev ona bir daha göstərilən etimada görə Masallı ictimaiyyətinə təşəkkürünü bildirdi. Seçicilərlə əvvəlki görüşlərini xatırladan Nəriman Əliyev əvvəlki görüşlərdə ondan həlli olunması istənilən problemlərin artıq səslənmədiyini qeyd etdi: "Bu da onu göstərir bu məslələr artıq öz həllini tapıb. Su, qaz, yol, rabitə və s. kimi problemlər artıq tarixə çevrilib. Bu səpkidən olan məsələlər demək olar ki, tamamilə öz həllini tapıb. Bir faktı qeyd edim ki, mənim namizəd olduğum 70 saylı Seçki Dairəsinə aid ərazilərdə qazlaşma respublika üzrə ən yüksək səviyyədə 98%-ə çatıb. Rayonumuzun əsasən Muğan zonasında olan kəndlərin içməli su problemi həll olunmaqdadır. Ucqar kəndlərimizə belə müasir yollar çəkə bilmişik. Bu işlər Azərbaycan dövlətinin xüsusilə də dövlətin başçısı Prezident Cənab İlham Əliyev yorulmaz və əzmkar fəaliyyəti nəticəsində həyata keçib. Bizim borcumuz da bu işlərdə Cənab İlham Əliyevə yaxından köməklik göstərmək, Onun siyasi kursunu dəstəkləməkdir. Buna görə də mən sizin hər birinizi YAP-ın namizədlərinə səs verməyə çağırıram".
Sonda kənd sakinlərilə namizəd arasında səmimi söhbət oldu, fikir mübadiləsi aparıldı, təkliflər irəli sürüldü.
RƏFİQƏ HÜSEYNOVA