"Birləşmiş Millətlər Təşkilatı (BMT) sözün qarantı kimi yaradılsa da, o uzaq ötən 60 il ərzində sadəcə olaraq tribuna rolunu oynadı". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrinin hələ də kağız üzərində qalması məsələsinə münasibət bildirərkən deyib.Şöbə müdirinin sözlərinə görə, nə BMT-nin qəbul etdiyi qərarların yerinə yetirilmə mexanizmi, nə də qərarları yerinə yetirməyən ölkələrə qarşı sanksiya sistemi var: "Məhz bu səbəbdən Dağlıq Qarabağla bağlı qəbul edilmiş qərarlar hələ də kağız üzərində qalır. Ancaq qərarların özünün qəbul edilməsinin çox böyük tarixi siyasi əhəmiyyəti var. Birincisi, tarixin müəyyən bir dönəmində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yeritdiyi, beynəlxalq hüquq normalarını pozduğu dünya birliyi tərəfindən qəbul edilir və bu rəsmi İrəvana qarşı ən böyük ittihamdır, onun böyük bir siyasi ləkəsidir. İkincisi, bunun diplomatik əhəmiyyəti var və Azərbaycan buna söykənərək sonrakı mərhələlərdə Ermənistanı beynəlxalq birliyin qərarlarını pozmaqda və o təsirli təfəkkürlə yanaşmaqda ittiham etməyə imkan verdi".A.Mirzəzadə əlavə edib ki, Ermənistan beynəlxalq tədbirlərdə bir qayda olaraq Azərbaycanın bu ittihamlarından yan qaçmağa və yaxud həmin məsələni qabartmamağa çalışır: "Ancaq BMT qətnaməsi bu beynəlxalq birlik tərəfindən verilmiş bir ittihamdır. Bu, müasir tarixin çox vacib səhifələrindən biri hesab edilir. BMT-nin zəif bir qurum olması dəfələrlə səsləndirilib. Onun islahata məruz qalması, təsiredici qərarlar qəbul etməsinin vacibliyi beynəlxalq birliyin müzakirə mövzularından biridir".
sia.az