1993-cü il 29 oktyabr tarixində erməni qəsbkarları Zəngilan rayonunu işğal etməklə Azərbaycan torpaqlarının 20%-nin işğalını başa çatdırdılar. Ermənistanın muzdlu silahlılarının 1993-cü il oktyabrın 24-25-də başlanan genişmiqyaslı hücumu Zəngilan rayonunun, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrinin işğalı işə başa çatıb.
Zəngilan rayonu Kiçik Qafqazın Arazboyu sahəsində yerləşir. Ərazisindən Həkəri, Oxçu, Bəsitçay və Araz çayları axır. Qərbdə və şimal - qərbdə Ermənistan Respublikası, cənubda və cənub-qərbdə İran İslam Respublikası, şimalda Qubadlı, şərqdə isə Cəbrayıl rayonlarilə həmsərhəddir. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik rayonun ərazisi 700 kvadrat km, əhalisi isə 35 mindən çox olub.
İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərib. Ümumilikdə I Qarabağ müharibəsində Zəngilan rayonu 188 şəhid verib. 35 min nəfərə yaxın rayon sakini hazırda məcburi köçkün kimi Azərbaycanın ən müxtəlif bölgələrində məskunlaşıb. Müharibə dövründə rayonun 44 sakini itkin düşüb və onların taleyindən bu günədək xəbər yoxdur.
Hazırda ermənilər Zəngilan rayonu ərazisində ekoloji terroru davam etdirirlər. Belə ki, ermənilərin törətdiyi mütəmadi yanğınlar nəticəsində rayon ərazisinin böyük bir hissəsi külə dönüb, yaşıllıqlar, qoruqlar, qiymətli ağaclar ermənilər tərəfindən tamamilə qırılaraq məhv edilib.
Azərbaycan dövlətinin başçısı dəfələrlə bəyan edib ki, biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, öz ərazilərimizi işğalçılardan təmizləyəcəyik və orada yeni həyat yaradacağıq. Onu da qeyd edək ki, digər məcburi köçkünlər kimi zəngilanlılar da dövlət qayğısilə əhatə olunublar, onların həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülüb. Lakin bu diqqət zəngilanlılara doğma ocağa qayıtmaq arzusunu unutdurmayıb. Onlar inanırlar ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və həmin vaxt çox da uzaqda deyil. Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı işğal faktı ilə barışmayacaq və silahlı yolla da olsa, biz öz torpaqlarımıza qovuşacağıq...
A.SƏMƏDOVA