Azər Badamovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərilə görüşləri davam edir
Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 51 saylı Qusar Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizədi Badamov Azər Camal oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Sudur, Gican, Düztahir və Böyük Muruq kənd seçicilərilə görüşləri keçirilib.
Görüşlərdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək 1 noyabr tarixində keçiriləcək parlament seçkilərilə bağlı aparılan təbliğat-təşviqat kampaniyasının seçici fəallığilə davam etdiyini bildirib. O, əhalinin seçkiləri bayram əhvali-ruhiyəsilə qarşıladıqlarını qeyd edərək, onların sosial rifahına toxunub. Rayon təşkilat sədri seçiciləri partiyanın namizədinə - Azər Badamova səs verməyə çağırıb.
Görüşdə çıxış edən Azər Badamovun vəkili Fərhad Pirmətov çıxışında seçicilərə demokratiyanın verdiyi imkanlardan bəhrələnərək öz seçimlərində israrlı olmağı bildirib.
Seçicilərlə keçirilən tədbirlərdə Milli Məclisə namizəd Azər Badamov özünün seçki platforması haqqında məlumat verib və 1 noyabrda keçiriləcək seçkilərdə daha fəal olmağı seçicilərə tövsiyə edib.
Görüşlərdə seçicilər adından çıxış edən Çingiz Çobanov, Abdulmin Nurmətov, Vaqif Həsrətov, Ədalət Qarayev və Əyyub Carullatev birmənalı olaraq 1 noyabr tarixdə keçiriləcək seçkilərdə YAP-ın namizədi dəstəkləyəcəklərini bildiriblər.
51 saylı Qusar Seçki Dairəsindən Milli Məclisə deputatlığa partiyanın namizədi Badamov Azər Camal oğlunun növbəti görüşü rayonun səhiyyə işçilərilə keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək Azərbaycanın qısa bir zaman məsafəsində qazandığı nailiyyətlərdən, əldə olunan uğurlardan danışaraq, həyata keçirilən layihələrin nəticəsində Azərbaycanın beynəlxalq aləmdə sabit, dinamik iqtisadi inkişafa malik ölkə kimi tanındığını bildirib: "Bu gün müstəqil Azərbaycan dövlətinin siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət edir. Görülən işlər əhalinin səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə imzaladığı sərəncamlar insanların həyat səviyyəsini yüksəldilməsinə yönəlmiş diqqətdir. Ölkəmizdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Yeni məktəblər, səhiyyə ocaqları inşa olunub, təmir və bərpa etdirilib".
Seçicilərlə keçirilən tədbirlərdə Milli Məclisə namizəd Azər Badamov özünün seçki platforması haqqında məlumat vermiş və 1 noyabrda keçiriləcək seçkilərdə daha fəal olmağı seçicilərə tövsiyə etmişdir.
Görüşdə seçicilər adından çıxış edən Əsfəddin Babayev birmənalı olaraq 1 noyabr da keçiriləcək seçkilərdə YAP namizədini dəstəkləyəcəklərini bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI