84 saylı Füzuli Seçki Dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın İdarə Heyətinin üzvü Bahar Əvəz qızı Muradova ilə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndinin seçicilərilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova namizədin həyat və fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat verib. Görüşdə, namizədin vəkilləri çıxış edərək respublikamızda keçirilən ən böyük siyasi hadisələrdən sayılan parlament seçkilərinin Azərbaycanın siyasi həyatında və demokratiyanın inkişafında vacib rol oynadığını ifadə etmiş, seçiciləri bu prosesdə fəal iştirak etməyə çağırıblar.
Seçicilərlə namizədin keçirdiyi görüşdə kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıdan söz açaraq, Bahar Muradovaya bu illər ərzində onları ləyaqətlə təmsil etdiyi üçün təşəkkürlərini bildiriblər və bunun davamlı olması üçün bir daha onu seçəcəklərini yekdilliklə ifadə ediblər. Kənd sakinləri öz çıxışlarında hər zaman ölkə başçısının ətrafında olacaqlarını və sıx birləşəcəklərini, elə buna görə də seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini söyləyiblər. Çıxış edənlər, həmçinin rayonun son illər ərzində sosial-iqtisadi inkişafından danışaraq bu yüksək diqqət və qayğıya görə ölkə Prezidentinə təşəkkürlərini bildiriblər.
Seçicilər qarşısında çıxış edən Bahar Muradova seçicilərinə bu cür xoş və səmimi sözlərə görə minnətdarlığını bildirib. Ona hər zaman dəstək olduqlarını razılıqla ifadə edən Bahar Muradova bu seçkilərdə də ölkənin inkişafına və gələcək taleyinin çiçəklənməsinə doğru gedən YAP-ın siyasi xəttinə səs verəcəklərinə inamını bildirib. "Biz bu gün ölkə olaraq, dövlət olaraq əhəmiyyətli bir dövr yaşayırıq"- deyən Bahar Muradova ölkəmizin növbəti dəfə seçki və seçim qarşısında olduğunu qeyd edib. "Gələcək həyatımızı, mövqeyimizi, münasibətimizi, tutduğumuz yola, qarşımızdakı hədəflərə münasibətimizi bir daha dəqiqləşdirməliyik və bir daha ifadə etməliyik"- deyən namizəd seçiciləri bu mütəşəkilliklərinə, aktiv vətəndaşlıq mövqelərinə görə təşəkkürünü bildirib.
Sonda seçicilərlə xatirə şəkli çəkdirildi.
RƏFİQƏ HÜSEYNOVA