İlham Əliyev: "Bu sahədə lazımi tədbirlər görülür, həm Dövlət Neft Fondunun xəttilə vəsait ayrılır, yeni binalar tikilir, eyni zamanda, dövlət büdcəsində güzəştlər nəzərdə tutulub"
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri də həyata keçirilən dövlət siyasətinin müsbət nəticələri hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların sosial-iqtisadi rifah halının günü-gündən yaxşılaşmasıdır. Əhalinin maddi gəlirlərinin davamlı şəkildə artması, əməkhaqqı və pensiyaların, eləcə də büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən vaxtaşırı çoxalması və bu qəbildən olan digər tədbirlər ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm parametrlərdəndir.
Qaçqın və məcburi köçkünlərin böyük himayədarı
Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət öz bəhrəsini verməyə başlayan andan dövlət tərəfindən, digər sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsilə də bağlı geniş tədbirlər həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirilən Azərbaycan Prezidenti İlham Əliyevdə bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin problemlərinin daim dövlətin diqqət mərkəzində olduğunu qeyd edir. Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlət başçısı köçkünlərin problemləri daim diqqət mərkəzində olduğunu deyib: "Köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu sahədə lazımi tədbirlər görülür, həm Dövlət Neft Fondunun xəttilə vəsait ayrılır, yeni binalar tikilir, eyni zamanda, dövlət büdcəsində güzəştlər nəzərdə tutulub. Bu məsələ daim diqqət mərkəzindədir. Çalışmalıyıq ki, köçkünləri gələcəkdə də maksimum dərəcədə tezliklə yaxşı mənzillərə, evlərə köçürək. Bilirsiniz ki, hər il orta hesabla 20 min insan artıq yeni mənzillərə köçürülür".
Qaçqın və məcburi köçkünlərə dövlət qayğısının reallıqları
Ümumiyyətlə, son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat vəsait sərf olunub ki, ondan 2 milyard manat dövlət büdcəsinin, 1,5 milyard manat Dövlət Neft Fondunun, 0,8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. 2012-ci ildə bu məqsədlə ayrılmış 603 milyon manat vəsaitdən 273 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondunun və 30 milyon manatı isə beynəlxalq təşkilatların vəsaitidir. Bu göstərici 2003-cü illə müqayisədə 5,5 dəfə çoxdur.
Ötən 12 ildə bir milyon 200 mindən artıq yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Bu illər ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artıb. Bu müddətdə respublikada 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzinin tikilib istifadəyə verilməsi də iqtisadi uğurlarımıza əsaslanır. Avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpa edilməsi, yeniləşdirilməsi və inkişaf etdirilməsilə bağlı son illərdə genişmiqyaslı işlər görülmüşdür. Son 12 ildə dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan 8 min 700 məcbur köçkün tələbənin təhsil xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilmişdir.
Bununla yanaşı, son 10 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Həmin müddətdə qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 51 Fərman və Sərəncam imzalanmış, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdınlması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı", həmin Proqrama 2 Əlavə təsdiq edilmişdir.
Yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil
Əlbəttə, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər. Yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar hər zamankı kimi dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacağını da yaxşı bilirlər. Ölkə Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərlə görüşü zamanı bildirmişdir: "Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".
Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləyən və Onun ətrafında sıx birləşən qaçqın və məcburi köçkünlər yurd həsrətinə son qoyulacaq günün uzaqda olmadığına qəti əmindirlər. Çünki dövlətin, onun rəhbərinin bu istiqamətdə atdığı addımları, həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrini aydın görürlər.
MAHİR ABBASZADƏ,
deputatlığa namizəd