"Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan çox böyük inkişafa nail olub"
Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə 32 saylı Suraxanı III Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Abiyevin seçicilərlə növbəti görüşü keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisə deputatlığa nümizəd Ağacan Abiyev, namizədin səlahiyyətli nümayəndəsi Yusif Babanlı iştirak ediblər.
Giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov ölkədə gedən uğurlu inkişafdan bəhs edib. V.Seyidov deputatlığa namizəd Ağacan Abiyevin seçki platformasını seçilərin nəzərinə çatdıraraq qeyd edib ki, Ağacan Abiyev gənclərin peşə seçimi və asudə vaxtlarının səmərəli keçirilməsi, idman komplekslərinin fəaliyyətinin düzgün qurulmasında misilsiz xidmətlər göstərib: "Bu gün də bu işlər rayon ərazisində davam etdirilməkdədir. Tarixi zərurətdən yaranıb tarixi missiyanı şərəflə yerinə yetirən Yeni Azərbaycan Partiyası 1 noyabr parlament seçkilərində də prinsiplərinə uyğun olaraq növbəti qələbələrlə zəngin tarix yazacaq". Təşkilat sədri çıxışının sonunda seçiciləri fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Ağacan Abiyev seçicilərini narahat edən məsələləri mütəmadi olaraq diqqətdə saxladığını, həmçinin onlar tərəfindən irəli sürülən təklifləri aidiyyatı orqanlar qarşısında qaldırdlğnı diqqətə çatdırıb. Ağacan Abiyev seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib. O, Milli Məclisdə təmsil olunduğu dövrdə yalnız deputat seçildiyi dairənin sakinlərinin deyil, ona müraciət edən insanların hər birinin problemlərini diqqət mərkəzində saxladığını bildirib. A. Abiyev əlavə edib ki, məqsədi dövlətə və millətə xidmət etməkdir: "Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan çox böyük inkişafa nail olub. Sizlərin etimadilə bu siyasətin həyata keçirilməsində iştirak etməyi özümə borc bilirəm. Bunun üçün də sizlərin inamına, etimadına arxalanıram və sizlərdən dəstək istəyirəm".
Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq, daim doğma insanlarla bir yerdə olacaq, onların hər bir problem və çətinliklərinə öz problemi kimi yanaşacaq.
Çıxış edən seçicilər də, öz növbəsində Ağacan Abiyevi yaxından tanıdıqlarını, ona böyük inam və etimadlarının olduğunu söyləyiblər. Növbəti 5 ildə də onları Milli Məclisdə Ağacan Abiyevin təmsil etməsini arzulayıblar və bununla bağlı qərarlarını çoxdan verdiklərini dilə gətiriblər.
Sonda Ağacan Abiyev seçicilərin suallarını cavablandırıb, görüşə gəldiklərinə və ona dəstək verdiklərinə görə təşəkkürünü bildirib.
İntizarə Məmmədova