53 saylı Quba-Qusar Seçki Dairəsindən Milli Məclisə deputatlığa partiyanın namizədi Yevda Abramovun rayonun Qalacıq və Kuzunqışlaq kənd seçicilərilə görüşləri keçirilib
Dünən Yeni Azərbaycan Partiyası 53 saylı Quba-Qusar Seçki Dairəsindən Milli Məclisə deputatlığa partiyanın namizədi Abramov Yevda Sasunoviçin rayonun Qalacıq və Kuzunqışlaq kənd seçicilərilə görüşləri keçirilib.
Görüşlərdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədr müavini Nadirşah Şirinov çıxış edərək 1 noyabr tarixində keçiriləcək parlament seçkilərilə bağlı aparılan təbliğat-təşviqat kampaniyasının seçici fəallığı ilə davam etdiyini bildirib. N.Şirinov əhalinin seçkiləri bayram əhvali-ruhiyəsilə qarşıladıqlarını bildirərək, onların sosial rifahına toxunub. Azərbaycanda iqtisadi, siyasi və sosial islahatların aparıldığını qeyd edərək, Ümummilli Lider Heydər Əliyev siyasətini Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
O, müstəqilliyinin insanlara bəxş etdiyi demokratiyanı, siyasi sabitliyi vurğulayaraq seçiciləri parlament seçkilərində fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisə namizəd Yevda Abramov Azərbaycanın qısa bir zaman məsafəsində qazandığı nailiyyətlərindən, əldə olunan uğurlarından danışaraq, həyata keçirilən layihələr nəticəsində Azərbaycanın beynəlxalq aləmdə sabit, dinamik iqtisadi inkişafa malik ölkə kimi tanındığını bildirib.
Sonra o, seçki platforması haqqında görüş iştirakçılarına məlumat verib və 1 noyabrda keçiriləcək seçkilərdə daha fəal olmağı seçicilərə tövsiyə edib.
Görüşlərdə seçiciləri maraqlandıran suallara cavablar verilib. Görüşlərdə seçicilər adından çıxış edən Larisa Mirzəliyeva, Zahid Babayev, İsmayil Babayev və Əhməd Quliyev birmənalı olaraq 1 noyabr tarixdə keçiriləcək seçkilərdə günü-gündən dəyişən Azərbaycanın işıqlı sabahı naminə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI