1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 116 saylı Qəbələ Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Fəttah Heydərovun növbəti görüşü rayonun bütün kəndlərini əhatə edən ağsaqqallarla olub. Görüşü açan namizədin səlahiyyətli nümayəndəsi Abil Ağasəfov Fəttah Heydərov haqqında ətraflı məlumat verərək bildirdi ki, ötən illərdə dövlətçiliyə sədaqət nümayiş etdirərək xalqın rifahının yüksədilməsi naminə bir ağsaqqal deputat kimi çalışmışdır və seçicilərinin etimadını doğrultmuşdur.
Görüşdə çıxış edən Qəbələ şəhər ağsaqqalı Vaqif Əzimov, Alı Məmmədov,Soltannuxa kənd ağsaqqalı Nadir Atakişiyev, Vəndam qəsəbə ağsaqqalı Ağasəddin Nəsirov, Yengicə kənd ağsaqqalı Oktay Babayev Fəttah Heydərovun deputatlığı dövründə Milli Məclisdəki çıxışlarından, qaldırdığı məslələrdən geniş söz açdılar. Onlar bildirdilər ki, Fəttah Heydərovun ictimai-siyasi fəaliyyəti daim seçicilərin diqqət mərkəzində olub.
Seçicilər deputatlığa namizədlə qarşılıqlı əlaqələrindən razı qaldıqlarını bildiriblər. Sonra çıxış edən deputatlığa namizəd Fəttah Heydərov onunla görüşə gələn rayon ağsaqqallarını salamlayıb və öz təşəkkürünü bildirib. O, qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyilə uğurla həyata keçirilən geniş strategiya nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edən ölkələr sırasına daxil olub. Bu inkişaf özünü ölkəmizin hər bir regionunda, eləcə də Qəbələ rayonunda açıq şəkildə göstərir.
Fəttah Heydərov Qəbələdə gedən böyük quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını bildirdi, yeni iş yerlərinin son illər artdığını vurğuladı. O, qeyd etdi ki, yaxın illərdə rayonda turizm infrastrukturu daha da genişlənəcək, yeni istehsal müəssisələri yaradılacaqdır ki, nəticədə işsizlik problemi tamamilə aradan qaldıracaqdır. Fəttah Heydərov onu da bildirdi ki, sabitlik olan bir ölkədə qeyd etdiklərim işlərin həyata keçirilməsi mümkün olan məsələlərdir.
Deputatlığa namizəd seçicilərin diqqətini dünyanın bir çox ölkələrində baş verən toqquşmalara, gərginliklərə yönəldərək bildirdi ki, Azərbaycan dövlətini uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizdə sabitlik mövcuddur. Bu sabitlik hər bir sahədə davamlı inkişafa geniş yol açır. Davamlı uğurlar ölkəmizi inkişaf etmiş ölkələr sırasında görmək üçün əsas yaradır.
Görüşün yekununda Fəttah Heydərov seçicilərlə müxtəlif məsələlərlə bağlı söbət etdi, onların problem və təkliflərini dinləyərək qeydlər apardı.
RƏFİQƏ