PDF Oxu

Siyasət

  • 34

İdmançıların seçimi Yeni Azərbaycan Partiyasının namizədi Kamaləddin Qafarovdur

İdmançıların seçimi Yeni Azərbaycan Partiyasının namizədi Kamaləddin Qafarovdur

Yeni Azərbaycan Partiyası tərəfindən 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qafarov Kamaləddin Nəsrəddin oğlunun idman ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, namizədin səlahiyyətli nümayəndəsi Ramiz Göyüşov ölkəmizin idman sahəsində əldə olunan nailiyyətlərdən danışıb: "1997-ci ildə dövlət başçısı, YAP-ın Sədri Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra olimpiya hərəkatının əsası qoyuldu və növbəti uğurlarımıza zəmin yarandı. İdman sahəsindəki inkişafımız daha geniş vüsət almağa başladı. Azərbaycanın 36 bölgəsində Olimpiya mərkəzlərinin tikilərək idmançıların istifadəsinə verildi". R.Göyüşov bu gün Azərbaycan beynəlxalq aləmdə neft, turizm, sənaye ölkəsi kimi deyil, eyni zamanda idman ölkəsi kimi də tanındığını qeyd etdi. Beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycanın "Bakı-2015" ilk Avropa Oyunlarilə qitə tarixinə yeni bir səhifə açdığını bildirən R.Göyüşov bu səhifənin Azərbaycanın adilə yazıldığını qeyd etdi. Paytaxtımızda keçirilən ilk Avropa Oyunları da ölkə Prezidenti İlham Əliyevin Azərbaycan idmanının inkişafına verdiyi misilsiz töhfə idi. 2017-ci ildə daha bir möhtəşəm idman yarışının İslam Həmrəylik Oyunları keçiriləcəyini diqqətə çatdırdı.

R.Göyüşov uğurlarımızın davamlı olması və daha böyük uğurlara imza atması üçün bütün idmançıları YAP-ın namizədlərinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən Kamaləddin Qafarov YAP-ın namizədləri sırasında olmasından qürur hissi keçirdiyini bildirərək, eyni zamanda partiya tərəfindən ona göstərilən yüksək etimadın məsuliyyətli olduğunu qeyd etdi:"Gələcək fəaliyyətimdə bu etimadı doğruldacağam və YAP-ın ideyalarının həyata keçirilməsinə səy göstərəcəyəm". Kamaləddin Qafarov idmançılarımızın böyük ictimai nüfuza malik olduqlarına diqqət çəkərək, onların ölkəmizin şərəfli adını öz qələbələrilə daim yüksəklərə qaldırdıqlarını və bayrağımızı qürurla dalğalandırdıqlarını vurğuladı. Millət vəkili seçiləcəyi təqdirdə, idmançılara dəstək olacağını, onların qayğılarilə maraqlanacağını, fikir və təkliflərinin reallaşdırılması istiqamətində çalışacağını bildirdi. Bütün idman ictimaiyyətinin nümayəndələrinə müraciət edərək seçkilərdə fəal iştirak etməyə və ona dəstək olmağa çağırdı.

Görüşdə Binəqədi rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, taekvandoçu Aysel Sultanova, Binəqədi rayonu 3 nömrəli Uşaq Gənclər Şahmat İdman Məktəbinin direktoru Cəmil Fətullayev çıxış edərək, ölkəmizin idmanın inkişafına göstərdiyi qayğıdan danışdılar. Kamaləddin Qafarovun idmançılara hər zaman dəstək olduğunu və onların qayğılarilə maraqlandığını qeyd olundu. Millət vəkili seçiləcəyi təqdirdə, bu münasibətin davamlı olacağına şübhə etmədiklərini bildirdilər.

Sonda Kamaləddin Qafarov idmançıların onların irad və təkliflərini dinləyərək, suallarını cavablandırdı.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər