Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Həsənov Malik Əvəz oğlunun Cəlilabad şəhərinin, Kövüzbulaq, Ləkin və Şatırlı kəndlərinin seçicilərilə seçkiqabağı görüşləri və təbliğat-təşviqat görüşləri keçirilmişdir. Görüşlərdə giriş sözü ilə YAP rayon təşkilatının və YAP seçki qərargahı Cəlilabad şöbəsinin sədri Mirsüleyman Mirxaslı çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranmasında, inkişafında, sosial bazasının möhkəmləndirilməsində, az bir zaman kəsiyində ümumxalq partiyasına çevrilməsində danılmaz rolunu xüsusi vurğulamış, partiyanın regionda çox böyük siyasi gücə malik olduğunu və dünya miqyasında tanındığını konkret faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. M.Mirxaslı onu da bildirmişdir ki, hazırda ölkə Prezidenti Cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası öz sıralarında 700 min nəfərə yaxın şəxsi birləşdirir, bu partiya xalq tərəfindən sevilir, vətəndaşlarımız partiyamızın siyasətini dəstəkləyir və bu partiya ölkmizdə bütün siyasi proseslərin önündə gedir.
M.Mirxaslı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyilə respublikada yaradılmış siyasi sabitlik, iqtisadi inkişaf, müntəzəm həyata keçirilən çoxşaxəli islahatlar, nəhəng tikinti-quruculuq işləri, ölkəmizin beynəlxalq nüfuzunun və müdafiə qüdrətinin gündən-günə artması, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.
M.Mirxaslı Azərbaycanda 1 noyabr 2015-ci il parlament seçkilərinin keçirilməsinin nəzərdə tutulduğunu bir daha seçicilərin diqqətinə çatdıraraq, Yeni Azərbaycan Partiyası tərəfindən 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputatlığa namizəd göstərilmiş Həsənov Malik Əvəz oğlu haqqında seçicilərə məlumat vermiş, seçkilər günü seçiciləri fəal olmağa və partiyanın laiqli namizədi Malik Həsənova səs verməyə çağırmışdır.
Sonra Yeni Azərbaycan Partiyası tərəfindən 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Həsənov Malik Əvəz oğlunun vəkili Cahangir Muradov Malik Həsənovun həyat və fəaliyyəti, habelə keçən beş ildə Milli Məclisdəki siyasi fəaliyyəti barədə seçicilərə ətraflı məlumat vermişdir. O, Malik Həsənovun rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərinə yaxından köməklik göstərdiyini, xeyriyyəçiliklə məşğul olduğunu, seçicilərilə müntəzəm olaraq görüşdüyünü, bir çox seçicinin qayğılarının və problemlərinin həll olunmasına köməklik göstərdiyini, bir sözlə, onun Milli Məclis üzvlüyünə laiqli namizəd olduğunu diqqətə çatdırmış və seçkilər günü seçiciləri partiyanın laiqli namizədi Həzənov Malik Əvəz oğluna səs verməyə çağırmışdır.
Cəlilabad şəhərində keçirilən tədbirdə seçicilərdən Hacı Mahmud Əsgərov, həkim Gülər İsgəndərova, ağsaqqal Ədalət Əsgərov, təhsil işçisi Yeganə Rzayeva, AMİ Cəlilabad filialının direktoru, fəlsəfə doktoru Xudayar Sultanov, YAP qadınlar şurasının sədri Fərqanə Məmmədova, sahibkar İltifat Ağayev, Kövüzbulaq kəndində keçirilən tədbirdə seçicilərdən Rəzzaq Abbasov, Təzəxan Niftəliyev, Fətəli Musayev, Səxavət Məhərrəmov, Ləkin kəndində keçirilən tədbirdə seçicilərdən Qulu Quluyev, Hacı Tahir Mirzəyev, Poladxan Nəsirov, Şatırlı kəndində keçrilən tədbirdə seçicilərdən Adış Abbasov, Tofiq Ağayev və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının artan nüfuzundan onun aparıcı partiyaya çevrilməsindən bəhs etmiş, bu partiyanı dəstəklədiklərini bəyan etmiş və noyabrın 1-də keçiriləcək seçkilərdə ailə üzvlərilə birlikdə məhz Yeni Azərbaycan Partiyasının namizədi Həsənov Malik Əvəz oğluna səs verəcəklərini bildirmişlər.
Tədbirlərdə çıxış edən deputatlığa namizəd Həsənov Malik Əvəz oğlu onun namizədliyini builki seçkilərdə yenidən irəli sürmüş Yeni Azərbaycan Partiyasına, onun rəhbərliyinə dərin təşəkkürünü bildirmiş, bundan sonra da partiyaya sədaqətli olacağını diqqətə çatdırmış, seçicilərin etimadını doğrultmaq, onların təkliflərinin həyata keçirilməsi və problemlərinin həlli istiqamətində daha səylə çalışacağını bəyan etmişdir. Malik Həsənov seçiciləri seçkilər günü yüksək fəallıq və mütəşəkkillik göstərərək seçkilərə gəlməyə və ona səs verməyə çağırmışdır.
Rəfiqə Kamalqızı