Şəmsəddin Hacıyev: "Milli-mənəvi dəyərlər mənim üçün ən ümdə vəzifədir"
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının 29 saylı Səbail Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevin Səbail rayonu "Ziyalılar evi"ndə ziyalılarla növbəti görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Muxtar Nağıyev deputatlığa namizəd Şəmsəddin Hümmət oğlu Hacıyevin həyat və fəaliyyətilə bağlı gənc fəallara geniş məlumat verib. M.Nağıyev bildirib ki, "əsası Ümummilli Lider tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların, o cümlədən gənclərin rifahının yaxşılaşmasına xidmət edir və bu gün də bu proses davam edir. Bu gün parlament seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də, məhz bu siyasətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışacaq".
Sonda M.Nağıyev bir daha dövlətin müstəqilliyinin insanlara bəxş etdiyi demokratiyanı, siyasi sabitliyin daha da güclənməsi yolunda seçiciləri parlament seçkilərində fəal olmağa və seçimdə məntiqə söykənməyə səslədi.
YAP tərəfindən 29 saylı Səbail Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Şəmsəddin Hümmət oğlu Hacıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və üçüncü dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə dolğun, ətraflı məlumat verdi. Bildirdi ki, dövlətimizin milli maraqları, xalqımızın söykəndiyi tarixi ənənələrə sədaqət onun başlıca amalıdır: "Milli-mənəvi dəyərlər mənim üçün ən ümdə vəzifədir. Bu prinsip bundan sonra da dəyişməz qalacaq".
Ş.Hacıyev onu da vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasətdə iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi ideyası bütövlükdə müstəqil siyasətin təməlində durur: "Konkret desək, müstəqil siyasət kursunun real əsasları vardır. Burada iqtisadiyyat sahəsində müstəqil siyasət yeritməklə daxildə hakimiyyətlə vətəndaşların birliyi məsələsi mühüm yer tutur. Bu da özlüyündə çoxlu sayda vəzifələri - sabit cəmiyyət modelini, vətəndaş həmrəyliyini, hakimiyyətin şəffaflığını və demokratik idarəetmənin bərqərar olmasını ön plana çıxarmaq deməkdir. Prezident İlham Əliyev bütün bu məqamları dövlətin suverenliyini təmin etməyə imkan verən səviyyədə vəhdət halında reallaşdırmağa qadir, nəzəri və praktiki qüdrəti olan yeganə siyasətçidir".
Deputatlığa namizəd Şəmsəddin Hacıyev, həmçini dünyanın digər beynəlxalq mərkəzləri və sorğu agentliklərinin apardığı tədqiqatlara, onların Azərbaycanla bağlı gəldikləri qənaətlərə toxunaraq bildirdi ki, bütün bu sorğuların nəticələri bir daha göstərir ki, regionun ən güclü LİDERİ Cənab İlham Əliyevdir: "Azərbaycan Prezidenti Cənubi Qafqazda ardıcıl siyasət həyata keçirən və bu zaman regionun maraqlarını praqmatik şəkildə nəzərə almağı bacaran yeganə dövlət başçısıdır. Buna görədir ki, xarici analitik və ekspertlər təhlükəsizlik sisteminin yaradılmasında həmişə Azərbaycanın fəaliyyətini xüsusi vurğulayırlar. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyətilə bağlı keçirilən beynəlxalq sorğunun nəticələrinin 84,4 faiz olması deyilənlərin məntiqi nəticəsidir.
Ş.Hacıyev, həmçinin gələn ilin dövlət büdcəsində neftin qiymətinin azalmasına baxmayaraq müdafiə xərclərinin yenə artırıldığını nəzərə çatdırdı: "Neftin qiyməti iki dəfə azalanda, erməni mətbuatı sevincək yazırdı ki, Azərbaycan hərbi xərclərini azaldacaq. Amma gəlirlərimizin azalmasına baxmayaraq 2016-cı ilin dövlət büdcəsində müdafiə xərcləri yenə də artırılır. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin işğal olunmuş torpaqlarımızla bağlı nə dərəcədə prinsipial, güzəştsiz mövqedə olduğunu göstərir. Mən əminəm ki, sabah Ali Baş Komandan torpaqlarımızın azad olunmasilə bağlı döyüş əmri verdikdə, əsgərlərimizlə bərabər sizlər yenə də ön sıralarda olacaqsınız".
Azərbaycanın daha da inkişafı üçün yeni dövrün olacağını deyən Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının uğurlu siyasətini hər zaman dəstəklədiyini bildirərək hər kəsi seçki məntəqələrinə gəlməyə və öz səslərini verməklə bu dövlətə necə sadiq olduqlarını bir daha sübut edəcəklərini bir daha sübut etmiş olacaqlar: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra öz iqtisadi və siyasi inkişafilə dünyaya özünü layiqincə təqdim etdi".
Sonda Şəmsəddin Hacıyev Səbail rayonunun ziyalılarını 1 noyabrda parlament seçkilərində fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə dəvət etdi.
Görüşdə çıxış edən ziyalılar Şəmsəddin Hacıyeva seçkidə uğurlar arzulayaraq, seçki günü hamılıqla ona səs verəcəklərini dedilər.
Sonda ziyalıları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıldı.
RƏFİQƏ KAMALQIZI