Noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıq işləri 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyası tərəfindən uğurla başa çatdırılıb. Hazırda bütün seçki məntəqələri səsvermə gününə tam hazır vəziyyətdədir.Dairə seçki komissiyasının sədri Oqtay Məmmədov AZƏRTAC-a bildirib ki, dəqiqləşdirilmiş son məlumata görə, 30 seçki məntəqəsi üzrə 37 min 258 seçici qeydiyyata alınıb. Onlardan 248 nəfəri ilk dəfə səs verəcək vətəndaşlardır. Həmçinin 12 seçki məntəqəsində veb-kamera quraşdırılıb. O.Məmmədov seçicilərin tam şəffaf və demokratik şəraitdə səs verməsi üçün bütün məntəqələrdə lazımi işlərin görüldüyünü, seçkilərə hazırlıqla bağlı tədbirlərin plana uyğun olaraq davam etdirildiyini bildirib.AZƏRTAC-ın müxbiri Mingəçevir Dövlət Dram Teatrının binasında yerləşən 18 saylı seçki məntəqəsində aparılan hazırlıq işlərinin gedişi ilə maraqlanıb. Məntəqə seçki komissiyasının sədri Natəvan Cəfərova bildirib ki, seçkiyə hazırlıq işləri yüksək səviyyədə aparılıb. Seçki məntəqəsi lazımi texniki avadanlıq və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik sistemi ilə təchiz olunub. Vətəndaşların öz seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Bildirişlər məntəqə üzvləri tərəfindən vətəndaşlara təqdim olunub.Namizədlərin təşviqat plakatlarının bərabər səviyyədə yerləşdirilməsi üçün seçki məntəqəsinin yaxınlığında lövhə quraşdırılıb. Hazırda namizədlərin təşviqat kampaniyası davam etdirilir. Bunun üçün onlara şəhər ərazisində açıq və qapalı yerlər ayrılıb. Dəqiqləşdirilmiş son məlumata görə, seçki məntəqəsi üzrə 1025 seçici qeydiyyata alınıb ki, onlardan 4-ü ilk dəfə səs verəcək gənclərdir.47 saylı Mingəçevir seçki dairəsinin 12, 22 və 26 saylı məntəqələrində də səsvermə gününə hazırlıq işləri uğurla davam etdirilir. Mingəçevir şəhər Statistika İdarəsinin və 10 saylı tam orta məktəbin binasında yerləşən seçki məntəqələrində səsvermə prosesini internet vasitəsilə onlayn izləmək üçün veb-kameralar quraşdırılıb.Şəhər 10 nömrəli tam orta məktəbdə yerləşən 22 saylı məntəqə seçki komissiyasının sədri Xumarə Mikayılova bildirib ki, məntəqə üzrə 1022 seçici qeydiyyata alınıb. Bütün seçicilərin adları məntəqədə quraşdırılan seçici lövhəsində öz əksini tapıb. Adlarının seçici siyahısında olub-olmadığını yoxlamaq istəyən vətəndaşlar, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən seçicilər müraciət etdikdə komissiya üzvləri onlara lazımi kömək göstərirlər. Seçki komissiyasının üzvləri hər gün məntəqədə olur, seçkiyə hazırlıqla bağlı lazımi işlər görürlər. Məntəqə seçki komissiyasının katib və üzvləri seçkiyə hazırlıq və səsvermə prosesi ilə bağlı keçirilən treninqlərdə də iştirak ediblər.Mingəçevir şəhər Statistika İdarəsinin binasında yerləşən 12 saylı seçki məntəqəsinin sədri Dilşad İlyasova isə deyib ki, qeydiyyata alınan 1312 seçicidən 7 nəfəri ilk dəfə səs verəcək. Seçki məntəqəsində aparılan hazırlıq işləri deməyə əsas verir ki, səsvermə günü heç bir çətinlik yaşanmayacaq, vətəndaşlar öz konstitusion hüquqlarından istifadə edərək, istədikləri namizədə demokratik, azad və şəffaf şəkildə səs verə biləcəklər. Seçicilərə bildirişlərin paylanması işi də artıq başa çatıb. Yaşlı və xəstə seçicilərin siyahısı çıxarılıb. Müraciət olunarsa, onların evlərinə daşınan seçki qutuları göndəriləcək.4 nömrəli orta məktəbdə yerləşən 26 saylı seçki məntəqəsinin sədri Dilguşə Şıxəliyeva da görülən işlərdən danışıb. Bildirib ki, seçki məntəqəsi bütün zəruri avadanlıq və texniki vasitələrlə, o cümlədən generator və etibarlı rabitə sistemi ilə təmin olunub. Seçicilərə səsvermənin vaxtı və yeri barədə bildirişlərin paylanması başa çatıb. Seçki günü səsvermənin açıq, şəffaf və demokratik keçirilməsi üçün seçki məntəqəsində hər cür şərait yaradılıb. Son məlumata görə, məntəqə üzrə 1520 seçici qeydiyyata alınıb.
AZƏRTAC