Dörd gündən sonra noyabrın 1-də Milli Məclisə seçkilər keçiriləcək. 42 min 673 seçicisi olan 41 saylı Sumqayıt birinci seçki dairəsinin tərkibindəki 33 seçki məntəqəsində səsvermə gününə hazırlıq işləri yekunlaşıb.AZƏRTAC-ın müxbiri dairənin 23 saylı seçki məntəqəsində görülən işlərlə maraqlanıb. Bu barədə məlumat verən məntəqə seçki komissiyasının sədri Bəxtiyar Cəbrayılov bildirib ki, 35 nömrəli orta məktəbdə yerləşən məntəqə seçki gününə tam hazır vəziyyətdədir. Məntəqənin əhatə etdiyi ərazidə 1353 seçici qeydiyyata alınıb.Seçki məntəqəsi bütün zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin edilib. Məntəqə seçki komissiyası üzvlərinin rahat işləmələri, eləcə də müşahidəçilərin seçki prosesini sərbəst şəkildə izləyə bilmələri üçün də lazımi şərait yaradılıb. Məntəqədə quraşdırılan veb-kamera seçki günü səsvermənin gedişini internet vasitəsilə onlayn izləmək imkanı yaradır.
AZƏRTAC