Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilən "Naxçıvanda Dədə Qorqud" beynəlxalq elmi simpoziumu işini başa çatdırıb.AZƏRTAC xəbər verir ki, bağlanış mərasimində çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev simpoziumda əldə olunan uğurlu nəticələrdən, onların əhəmiyyətindən danışıb.İsmayıl Hacıyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 25-də imzaladığı Sərəncam ilə təsdiqlənən "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq keçirilən "Naxçıvanda Dədə Qorqud" beynəlxalq elmi simpoziumu Naxçıvan Muxtar Respublikasında elmin, təhsilin inkişafı, milli mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını göstərdi.Bu istiqamətdə Naxçıvanda təşkil olunan elmi tədbirlərə diqqəti çəkən İsmayıl Hacıyev onu da vurğulayıb ki, belə təntənəli beynəlxalq simpoziumlara ev sahibliyi edilməsində Naxçıvan Muxtar Respublikası zəngin təcrübəyə malikdir. Simpoziumda iştirak edən Azərbaycanın nüfuzlu alim və tədqiqatçıları, Türkiyə və İran İslam Respublikasının ali təhsil müəssisələrinin nümayəndələri də bunu bir daha təsdiq etdilər.Akademik bildirib ki, son illərdə "Kitabi-Dədə Qorqud" irsinin araşdırılması, Naxçıvanla bağlılığı və yaşadılması istiqamətində muxtar respublikada mühüm tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan şəhərində "Dədə Qorqud meydanı"nın salınması haqqında" 9 mart 1999-cu il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Dədə Qorqudun abidəsi ucaldılıb və Dədə Qorqud meydanı yaradılıb, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi ilə bağlı elmi konfrans keçirilib, dastan üzrə müxtəlif istiqamətlərdə tədqiqatlar aparılıb."Simpoziumda iştirak edən alimlər "Kitabi-Dədə Qorqud"un Naxçıvanla bağlılığının daha dərindən araşdırılması baxımından tədbirin mühüm elmi əhəmiyyət daşıdığını diqqətə çəkdilər. Aparılan araşdırmalar, tarixi və coğrafi dəlillər sübut edir ki, "Kitabi-Dədə Qorqud" dastanında təsvir edilən bir sıra tarixi hadisələr məhz Naxçıvan ərazisində baş verib. Buna görə də muxtar respublikada "Kitabi-Dədə Qorqud"la bağlı çoxsaylı yer-yurd adları mövcuddur", - deyən akademik İsmayıl Hacıyev belə tədbirin təşkili üçün simpozium iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını ifadə edib.Sonra simpoziumun bölmə sədrlərinin hesabatları dinlənilib.AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Məhərrəm Qasımlı, iqtisad elmləri doktoru, professor Asif Şirəliyev bölmə iclaslarında dinlənilmiş məruzələr, məruzələrdə Azərbaycan xalqının ədəbi abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanları ilə bağlı üzə çıxarılan yeni tədqiqatlar, əldə edilmiş elmi nəticələr, dastanların Naxçıvanla bağlılığı barədə məlumatlar verərək, simpoziumun yüksək təşkilatçılıqla başa çatdığını bildiriblər.Simpoziumda çıxış edən AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov və həmin institutun əməkdaşı, professor Kamran Əliyev muxtar respublikada belə elmi tədbirlərin yüksək səviyyədə təşkili üçün minnətdarlıqlarını ifadə ediblər.Simpozium iştirakçılarına xatirə plaketləri təqdim olunub.Yekun tədbirindən sonra simpozium iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzi və muxtar respublikanın görkəmli yerləri ilə tanış olublar.
AZƏRTAC