20 saylı Nərimanov ikinci Seçki Dairəsindən bitərəf namizəd Adil Əliyev parlament seçkiləri ərəfəsində seçicilərlə növbəti görüşünü keçirib. Onun Nərimanov rayonu ərazisində keçirdiyi görüşlər insanların kütləvi iştirakı və aktivliyi ilə seçilir. Deputatlığa namizəd Adil Əliyev görüşdə ötən beş illik deputat fəaliyyəti barədə danışaraq qeyd edib ki, o, bu illər ərzində rayon sakinlərini Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb: "Bu 5 il ərzində millət vəklili seçildiyim dairə üzrə hər bir ailənin üzvü olmağa çalışdım, uğurlarınıza sevindim, kədərimi isə öz kədərim hesab etdim. Problemlərinizin həlli istiqamətində əlimdən gələni etməyə çalışıdım. Bu illər ərzində seçicilərimin mənə olan etimadını nəzərə alaraq, yenidən məhz elə bu dairədən- 20 saylı Nərimanov ikinci Seçki Dairəsindən namizədliyimi irəli sürdüm. Düşünürəm ki, sizlərin inam və etimadını yenidən qazanacağam".
Adil Əliyev seçilərinin ona səs verəcəyi və onların etimadı nəticəsində deputat seçilicəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib: "Əgər yenidən Milli Məclisə deputat seçilərəmsə, sizlərin qarşısında verdiyim vədlərin hamısını yerinə yetirməyə çalışacağam".
Görüş iştirakçıları isə mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürüblər. Sonda görüşdən razı qalan sakinlər Adil Əliyevin işgüzarlıq keyfiyyətləri barədə xəbərdar olduqlarını vurğulayıblar. Onlar Adil Əliyevi yenidən millət vəkili kimi görmək istədiklərini və 1 noyabr seçkilərində yalnız ona səs verəcəklərini söyləyiblər.
İntizarə Məmmədova