Yeni Azərbaycan Partiyasından Milli Məclisə deputatlığa namizəd İsa Həbibbəyli 2 saylı Şərur Seçki Dairəsinin əhatə etdiyi kəndlərdə seçicilərlə görüşlərini davam etdirir. Aralıq kəndində keçirilən görüşdə kənd ziyalıları, müəllimlər, həkimlər iştirak ediblər. Yığıncağın keçirildiyi müasir kənd mərkəzi kompleksində çıxış edənlər kəndin yeni həyatından, müasir inkişaf səviyyəsindən və qarşıda duran vəzifələrdən danışıblar. Kənd ziyalıları görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyev əsasını qoyduğu siyasətin Azərbaycanın inkişafı üçün ən düzgün siyasət olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasət və atdığı qətiyyətli addımlar müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə uğurla xidmət edir. Kənd sakinləri Naxçıvan Muxtar Respublikasında baş verən böyük sosial-iqtisadi inkişafı ölkəmizin inkişafının əsas göstəricilərindən biri kimi yüksək qiymətləndiriblər.
Deputatlığa namizəd, akademik İsa Həbibbəyli Yeni Azərbaycan Partiyasının "Yeni hədəflərə doğru" hərəkatının strategiyasının mahiyyətini aydınlaşdırıb, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin real nəticələrindən və böyük perspektivlərindən geniş söz açıb.
Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə və sərhəddə yerləşən Havuş kəndində yeni yaradılmış fermer təsərrüfatında və kiçik emal sənaye müəssisəsində çalışan zəhmət adamları ölkə Prezidentinin sahibkarlıqda yoxlamaların aparılmasının ləğv edilməsilə bağlı imzaladığı qərarları ürəkdən dəstəklədiklərini bildiriblər.
Şərur rayonunun Qarxun kənd məktəbində ziyalılarla keçirilən görüşdə kəndin, məktəbin, kənd ziyalısının problemlərindən, dərsliklərin vəziyyətindən bəhs edilib.
Axura, Həmzəli, Bulaq Başı, Sərxanlı, Diyadın kəndlərindəki görüşlər də yüksək fəallıq şəraitində keçib.
Danyeri kəndində keçirilən görüşdə kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi xəttini ürəkdən müdafiə etdiklərini bildiriblər. Son illərdə Danyeri kəndində salınmış müasir tipli kənd mərkəzlərində kəndlinin boş vaxtlarından daha səmərəli istifadə etməsinə, problemlərin yerində həllinə şərait yaradıldığı nəzərə çarpdırılıb.
Akademik İsa Həbibbəyli çıxış edərək Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsindən, Prezident İlham Əliyevin rəhbərliyilə regionların inkişafı strategiyasının həyata keçirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasında qazanılan böyük uğurlardan söz açıb.
Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputatlığa namizəd, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar da çıxış edib.
Sonda seçicilərin sualları cavablandırılıb.
RƏFİQƏ HÜSEYNOVA