Dünən Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən namizədi Mahir Abbaszadə Bərdə rayonunda yaşayan laçınlı seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Xaliq Musayev YAP-ın bu seçkilərdə də irəli sürdüyü namizədlərin Azərbaycan dövlətçiliyinin inkişafında, partiyamızın möhkəmlənməsində və qüdrətlənməsində, xalqımızın sosial rifah halının yaxşılaşdırılmasında müstəsna xidmətləri olan, cəmiyyətimiz tərəfindən yüksək hörmət və ehtiramla qarşılanan, nüfuzlu insanlar olduğunu deyib: "Yeni Azərbaycan Partiyası bu şəxslərə böyük etimad nümayiş etdirərək, onların namizədliyini irəli sürüb. 121 saylı Laçın Seçki Dairəsindən isə partiyamızın İdarə Heyətinin qərarına əsasən, Abbaszadə Mahir Tapdıq oğlunun namizədliyi irəli sürülüb".
Sonra X.Musayev namizədin tərcümeyi-halı barədə geniş məlumat verib: "Biz laçınlılar hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa, partiyamızın qərarlarına böyük dəstək vermişik. Mən inanıram ki, bu seçkilərdə də siz seçicilər partiyamızın qərarını dəstəkləyəcək və Mahir Abbaszadəyə səs verəcəksiniz".
Görüşdə çıxış edən YAP-ın 121 saylı Laçın Seçki Dairəsi üzrə namizədi Mahir Abbaszadə ilk olaraq, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb. O, deyib ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb: "Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Təbii ki, bütün bu inkişafın əldə olunmasında, dövlətçiliyimizin möhkəmlənməsində YAP-ın xidməti və rolu inkarolunmazdır. Daim dövlətçiliyimizə xidmət edən, vətəndaşlarımızın daha da yaxşı yaşamasına təminat verən qərar və proqramların qəbul olunmasında birbaşa iştirak edən YAP, eyni zamanda, əldə olunan uğurlarla kifayətlənmir, daim yeni hədəflərə doğru irəliləyir. Heç də təsadüfi deyil ki, YAP bu seçkilərə "Yeni hədəflərə doğru!" şüarı ilə qatılır"
Özünün Milli Məclis üzvlüyünə seçiləcəyi təqdirdə, görəcəyi işlər barəsində də danışan Mahir Abbaszadə vurğulayıb ki, yalnız və yalnız dövlətimizin, xalqımızın, seçicilərin mənafeyi naminə fəaliyyət göstərəcək, partiyamızın siyasi baxışlarına uyğun olaraq addımlar atacaq, xalqımızın daha da yaxşı yaşamasına xidmət edən qanunların qəbulunda fəal rol alacaq.
Eyni zamanda, görüşlərdə çıxış edən rayon ağsaqalları və ziyalıları qəhrəman ana-prezident təqaüdçüsü Şərqiyyə Vəliyeva, Vüqar İmranov, Ehtiram Hüseynov Murad Hüseynov, Nadir Əsgərov, Hənifə Şirinova, Qabil Atakişiyev, Mircavad Rəhimov, Zalış Nəbiyev və başqaları çıxış edərək, partiyamızın gənc və perspektivli namizədi Mahir Abbaszadəni dəstəklədiklərini, Azərbaycanın daha da güclənməsi üçün yeni hədəflərə doğru gedən YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.
R.HÜSEYNOVA