"ATƏT-in şəxsi nümayəndəsinin və həmsədrlərin cəbhə xəttində monitorinq apardıqları zaman özlərinin də erməni təxribatına məruz qalması və buna susqunluq nümayiş etdirmələri birinci hal deyil. Monitorinqlər vaxtı ermənilər tərəfindən atəşkəsin pozulması mütəmadi olaraq baş verir, yəni ermənilər tərəfindən belə təxribatlar daima olur". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, burada əsas məqsəd sülh danışıqlarını pozmaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlamaqdan ibarətdir: "Eyni zamanda belə vaxtlarda həm də sərhəd rayonlarda atəşkəs pozulur və ermənilər bunun Azərbaycan Ordusu tərəfindən edildiyini bildirməklə hərbi müttəfiqlərini də, daha doğrusu Rusiyanın regiondakı hərbi hissələrini də münaqişəyə qatmaq istəyirlər. Yəni bu gözlənilən bir hadisədir".A.nağıyev əlavə edib ki, ATƏT tərəfindən razılaşdırılan Madrid prinsipinə uyğun danışıqların tərəfdarı olan Azərbaycan ərazi bütövlüyü məsələsini birinci şərt sayır: "Buna görə də əvvəlcə işğal olunmuş ərazilər boşaldılmalı, minalardan təmizlənməli və bir sıra təhlükəsizlik işləri görülməlidir, sonra isə qaçqınlarla bağlı məsələlərə baxıla bilər. Bu gün isə istər ATƏT, istərsə də digər beynəlxalq təşkilatlar tərəfindən bir sıra problemi ortaya atmaq məsələnin həllinin uzanması deməkdir".
sia.az