Elçin Mirzəbəyli: "Azərbaycanın hər hansı bir dövlətin qarşısında xüsusi öhdəliyi yoxdur"
"Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistan istisna olmaqla digər qonşularla münasibətlərimiz yüksək səviyyədədir və iqtisadi əməkdaşlıqda da kifayət qədər müsbət addımlar atılıb. Rusiya Azərbaycanın ciddi iqtisadi tərəfdaşıdır. Bununla yanaşı eyni coğrafiyada, eyni məkanda mövcud olduğumuz üçün bizi tarixi bağlar da birləşdirir. Bu baxımdan da hesab edirəm ki, Rusiya ilə Azərbaycanın münasibətlərinin normal olması təəccüb doğurmalı deyil". Bu fikirləri SİA-ya politoloq Elçin Mirzəbəyli Qərbin və ABŞ-ın Azərbaycana təzyiqinin arxasında Azərbaycanın Rusiya ilə əlaqələrinin sıx olmasının dayandığı iddialara münasibət bildirərkən deyib.Politoloq qeyd edib ki, faktiki olaraq Azərbaycan bütün strateji layihələrini Avropa istiqamətində həyata keçirir: "Gürcüstan və Türkiyə vasitəsilə bütün enerji layihələrimiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Atılan bütün strateji addımların əsas mahiyyətində Azərbaycanın həm də Qərb dövlətləri ilə yaxın strateji tərəfdaş olduğu dayanır. Bunun müqabilində Azərbaycana qarşı yenə basqılar davam edirsə, haqsız təzyiqlərə məruz qalırıqsa və bununla yanaşı bizi Rusiya ilə yaxınlaşmaqda ittiham edirlərsə, bu artıq onların öz problemləridir. Yalan və böhtandan başqa bir şey deyil. Azərbaycan siyasəstini öz dövlət maraqlarına uyğun şəkildə həyata keçirir. Azərbaycanın hər hansı bir dövlətin qarşısında xüsusi öhdəliyi yoxdur ki,bu və ya digər dövlətnən yaxın əməkdaşlıq etməyəcək. Xarici siyasətimizin prioritetləri Azərbaycan dövləti və Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilir".Elçin Mirzəbəyli həmçinin onu da qeyd edib ki, səslənən iddialar absurddur: "Azərbaycanın regionda oynadığı mühüm rola qısqanclıqdan doğan bir məsələdir. Heç bir dövlət, xüsusən də Qərb dövlətləri Azərbaycanı özlərinin oyunlarında istifadə etməyi bacarmadığı üçün bu qəbildən olan açıqlamalarla çıxış edirlər. Ölkəmiz bu günə qədər heç bir oyunda iştirak etməyib. Çünki Qərbin özünəməxsus oyunlarında iştirak edən dövlətlərin aqibəti göz önündədir. Əraziləri növbəti dəfə işğala məruz qalıb, xaosa sürüklənib və ciddi problemlərlə qarşılaşıblar. Azərbaycan dövləti üçün əsas olan məsələ xalqın rifahıdır ki, dövlət də məhz bu istiqamətdə öz siyasətini qurur. Qonşularla münasibətlərimizi müəyyənləşdirmək isə dövlətimizin öz daxili işidir. Bizi heç kim hər hansı bir dövlətə qarşı çıxış etməkdə təhrik edə billməz. Bu Azərbaycan dövlətinin mövqeyində açıq şəkildə ortaya qoyulan məsələdir".
sia.az