Ölkəmizin hər yerində olduğu kimi, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsində də Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərə hazırlıq işləri başa çatıb.Dairə seçki komissiyasının sədri Fəxrəddin Cabbarov AZƏRTAC-a bildirib ki, 38 seçki məntəqəsi üzrə 36 min 544 seçici qeydiyyata alınıb. Onlardan 406 nəfəri ilk dəfə səs verəcək vətəndaşlardır. Seçicilərin 472 nəfərinin yaşı 80-100 arasında, 3 seçicinin yaşı isə 100-dən yuxarıdır. 1890-cı ildə anadan olmuş Lena Abbasova və Sandıx Bağırova dairə üzrə ən yaşlı seçicilərdir.Komissiya sədrinin sözlərinə görə, seçicilərin tam şəffaf və demokratik şəraitdə səs verməsi üçün bütün məntəqələrdə lazımi işlər görülüb.Dairə üzrə seçki məntəqələrinin 26-sı Yevlax rayonunun ərazisində, 12-si isə Mingəçevirdə yerləşir. AZƏRTAC-ın müxbiri seçkilərə hazırlıq işlərinin gedişi ilə maraqlanmaq üçün seçki dairəsinin tərkibinə daxil olan 4 saylı məntəqədə olub.Yevlax rayonu Aran qəsəbə 2 nömrəli tam orta məktəbdə yerləşən məntəqədə hazırlıq işləri yüksək səviyyədə təşkil edilib. Məntəqə seçki komissiyasının sədri Sahibə Hüseynova bildirib ki, dəqiqləşdirilmiş son siyahıya əsasən, məntəqə üzrə 1361 seçici qeydə alınıb. Onlardan 18 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək gənclərdir.Məntəqədə səsvermə prosesini onlayn izləmək üçün veb-kamera da quraşdırılıb. Seçici siyahıları seçki məntəqəsinin girişində asılıb. Məntəqə səsvermə kabinələri, seçki qutuları ilə təmin olunub. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi başa çatdırılıb. 12 nəfər yaşlı və yataq xəstəsi olan seçici müraciət edərək, səsvermədə iştirak etmək istədiklərini bildiriblər. Seçki günü onların evlərinə daşınan seçki qutuları göndəriləcək.
AZƏRTAC