1 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nəriman Əlibala oğlu Əliyevin Masallı rayonu Səmidxan kəndində seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsinin sədri Seyfəddin Əliyev son illərdə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu bildirdi: "Bu uğurun, inkişafın demək olar ki, bütün sahələrdə hiss olunduğunu qeyd edən natiq bu keçən zaman zərfi ərzində ölkənin böyük layihələrə imza atdığını və bu uğurlarda YAP iqtidarının, birbaşa olaraq partiyanın Sədri Cənab İlham Əliyevin böyük əməyi və əzmkarlığı var. İnanıram ki, əldə olunan bu uğurları göz önündə tutan Azərbaycan xalqı yenə də öz doğru seçimini edərək YAP-ın namizədlərini dəstəkləyəcək".
Daha sonra çıxış edən YAP Masallı rayon təşkilatı Seçki Qərargahının üzvü Rafiq Bağırov Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Məhz bu uğurlu idarəetmə və siyasətin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkəri sırasında yer alaraq regionun lider dövlətinə çevrilib. R.Bağırov Səmidxan kəndinin seçicilərinə müraciət edərək, bu uğurların davamlı və uzunmüddətli olması üçün hər kəsi YAP-ın ətrafında sıx birləşməyə və onun namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Səmidxan kənd sakinləri Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsindən Milli Məclisə namizədi Nəriman Əliyevin layiqli namizəd olduğunu qeyd edərək seçkidə yekdilliklə ona səs verəcəklərini söyləyiblər.
Seçicilərlə görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədi Nəriman Əlibala oğlu Əliyev bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyilə uğurla həyata keçirilən mükəmməl daxili və xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olub.
Nəriman Əliyev, həmçinin seçicilərin etimadını qazanıb millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər haqqında da məlumat verib: "Parlament üzvünün vəzifələri qanunlarla müəyyənləşib. Deputatların əsas vəzifəsi qanun yaradıcılığı işilə məşğul olmaqdır. Amma insanların dəstəyilə parlamentə seçilən şəxs də həmin insanların problemlərilə maraqlanmağa və həllinə çalışmağa borcludur. Mən də sizi əmin edirəm ki, bütün gücümlə sizin etimadınızı doğrultmağa çalışacağam. Hamınızı 1 noyabr 2015-ci ildə keçiriləcək seçkidə YAP-ın namizədinə səs verməyə çağırıram".
Sonda kənd sakinləri mövcud problemlər barədə namizədə məlumat verib, təkliflər irəli sürüblər.
RƏFİQƏ HÜSEYNOVA