Şəmsəddin Hacıyev: "Prezident İlham Əliyevin apardığı balanslı siyasəti Azərbaycanı güclü, qüdrətli dövlətə çeviribdir"
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının 29 saylı Səbail Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevin Səbail rayonu Badamdar qəsəbəsinin sakinlərilə "Bəyoğlu" şadlıq sarayında növbəti görüşü keçirilib. Görüşü giriş sözü ilə açan namizədin səlahiyyətli nümayəndəsi Muxtar Nağıyev deputatlığa namizəd Şəmsəddin Hümmət oğlu Hacıyevin həyat və əmək fəaliyyətilə bağlı geniş məlumat verib. YAP-ın builki seçkilərdə şüarının "Yeni hədəflərə doğru!" olduğunu da xatırladan səlahiyyətli nümayəndə məhz səbaillilərin yaxından iştirakilə bu hədəflərə çatdırılacağına inandığını deyib və ölkədə siyasi sabitliyin daha da güclənməsi yolunda seçiciləri parlament seçkilərində fəal olmağa və seçimdə məntiqə söykənməyə səsləyib.
YAP tərəfindən 29 saylı Səbail Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Şəmsəddin Hümmət oğlu Hacıyev sakinlərlə görüşdə çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və üçüncü dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə dolğun, ətraflı məlumat verdi. Ş.Hacıyev Azərbaycanını uğurlu inkişafından danışaraq bildirdi ki, son 12 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir: "Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir: "Xüsusilə də, seçki prosesi ərəfəsi onlar hər vəchlə ölkədəki mövcud əsaslara malik sabitliyi pozmağa çalışır, iqtidarla xalq arasında nifaq salmağa cəhd edirlər. Lakin bu da real faktdır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Hər kəs görür ki, Azərbaycanın xarici siyasəti açıqdır, prinsipialdır, ədalətə və beynəlxalq hüquqa söykənir. Bu gün iqtisadi cəhətdən tənəzzül dövrünü yaşayan dünyanın əksər dövlətləri qlobal maliyyə böhranında boğularkən Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənir. Təbii ki, bu nailiyyətləri qəbul edə bilməyən bəzi dairələr müxtəlif çirkin vasitələrlə kampaniyalar təşkil edib Azərbaycanı gözdən salmağa can atırlar və bunu bacarmayanda isə beynəlxalq təşkilatlar vasitəsilə təhdid dililə danışmağa çalışırlar, ancaq yenə də "istəklərinə" nail ola bilmirlər. Çünki hazırda Azərbaycanın apardığı dövlət siyasəti buna imkan vermir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət isə çoxlarını narahat edir. Anti-Azərbaycan şəbəkələr vasitəsilə bu siyasətə kölgə salmaq, qara yaxmaq "arzuları" da ürəklərində qalır. Tək ümidlərisə hansısa vasitələrlə əla aldıqları ölkəmizdəki "beşinci kolon"un üzvlərinə qalır. Bu vətən xainlərinin əlilə ölkəmizdə xaos, iğtişaş yaratmaqla, ictimai-siyasi sabitliyi pozmaqla, yalan "donoslar" heç bir siyasi anlamı olmayan "siyasi məhbus" siyahısı hazırlayıb öz maraqlarına xidmət edən beynəlxalq təşkilatlara göndərməklə Azərbaycanın əleyhinə hansısa sanksiyaların tətbiq olunmasına çalışırlar. Ancaq təqdirəlayiq haldır ki, "beşinci kolon"un üzvlərinin vətənə xəyanətinə xalq öz kəskin qiymətini verir. Ona görə istər dövlət məmuru, istərsə də sadə vətəndaş xüsusilə həssas bir dövrdə, parlament seçkiləri ərəfəsində üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir. Çünki düşmənimiz bizə dostumuzdan daha yaxındır. Bütün bunlara baxmayaraq, ölkə başçısının sözləri ilə desək, Azərbaycan düzgün yoldadır, bizim xarici siyasətimiz də çox müsbətdir".
Şəmsəddin Hacıyev, həmçinin bildirdi ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin zəfər əldə edəcəyinə inanırıq, çünki bizi xalq dəstəkləyir və bütün seçkilərdə seçicilərin yüksək etimadını qazanaraq, qələbələr qazanıb: "Nailiyyətin əldə olunmasının əsas kökü və səbəbi Azərbaycan vətəndaşlarının, seçicilərin, bütün Azərbaycan xalqının Prezident İlham Əliyevə, Onun həyata keçirdiyi siyasətə böyük inamilə əlaqədardır. Hər bir Azərbaycan seçicisi Prezident İlham Əliyevə inanır, etimad edir, həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir. Təbii ki, bu amillər seçicilərin rəyinin və qənaətinin formalaşmasına bilavasitə təsir edir. İnanırıq ki, xalq dövlətin daha da güclənməsi, qüdrətli olması üçün hakim partiyanın namizədlərinə dəsətək verəcək və Yeni Azərbaycan Partiyasının platformasında növbəti 5 il Azəbaycanın ictimai-siyasi həyatında əsaslı keyfiyyət dəyişikliklərilə yadda qalan il olacaq. Məhz bu davamlı xarakter alacaq uğurlara görə 1 noyabrda keçiriləcək parlament seçkilərində sizləri YAP-ın namizədlərinə səs verməyə çağırıram".
Görüşdə YAP Səbail rayon təşkilatı qadınlar şurasını sədri Təranə Kərimova çıxış edərək Azərbaycanın ictimai-siyasi həyatında parlament seçkiləri prezident seçkilərindən sonra ən mühüm məsələdir və demokratik cəmiyyətin inkişafının göstəricisi olduğunu bildirdi: "1993-cü ildən bu günə qədər keçirilən bütün seçkilərin hamısı çox yüksək səviyyədə başa çatıb. Çox aydın şəkildə hiss olunur ki, hər seçkidə seçicilərin fəallığı artır, seçimdə keyfiyyət göstəricisi yüksəlir".
T.Kərimova, həmçinin xarici qərəzli dairələrin maliyyələşdirdiyi "beşinci kolon"un bütün strukturlarının Azərbaycana qarşı reallaşdırılan çirkin planlarına da toxundu: "Beşinci kolon" təmsilçilərinin ikrah doğuran əməlləri ortadadır. Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın hərtərəfli gücünü göstərən işlərin həyata keçirilməsi nəticəsində anti-Azərbaycan dairələrin cəhdləri boşa çıxır və bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlir".
Görüşdə seçicilərdən Mehriban Paşayeva, Xanlar İmaməliyev və başqaları çıxış edərək belə bir fikri vurğuladılar ki, bu gün biz seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verməklə sağlam, möhkəm gələcəyimizə səs vermiş oluruq: "Çünki güzəranımızın bugünkü yüksək səviyyəyə çatması Yeni Azərbaycan Partiyasının və onun Sədri Cənab Prezidentimiz İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində olmuşdur. Buna görə də, bütün seçicilər yalnız YAP-ın namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevi dəstəkləyəcəklər".
R.KAMALQIZI