PDF Oxu

Siyasət

  • 22

Deputatlığa namizəd Hikmət Babaoğlunun Nərimanov rayon gənclərilə görüşü olub

Deputatlığa namizəd Hikmət Babaoğlunun Nərimanov rayon gənclərilə görüşü olub

Dünən 19 saylı Nərimanov birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclis üzvlüyünə namizədi Hikmət Babaoğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində Nərimanov rayon gənclərilə görüşü olub.

Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Seçki Qərargahının sədri Təmraz Tağıyev 1 noyabr parlament seçkiləri haqqında danışıb, seçkilərin ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olduğunu qeyd edib. O, eyni zamanda, parlament seçkilərində YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü bildirib. T.Tağıyev gənclərin məhz YAP tərəfindən irəli sürülmüş namizədləri dəstəkləyəcəklərinə əminliyini vurğulayıb.

T.Tağıyev Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticələrindən, dövlət-gənclər siyasətindən geniş bəhs edib. O, həmçinin ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə hər bir gəncin aktiv iştirak edəcəyinə əminliyini bildirib.

Çıxış edən deputatlığa namizəd, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, demokratik siyasi sistemə malik olan Azərbaycanda seçkilər daim yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilir: "Eyni zamanda, Azərbaycan siyasi palitrasının ən güclü ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası mütəmadi qələbələr qazanır və seçki təcrübəsini daim artırır. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə daxil olması normal siyasi partiya və demokratik siyasi sistem haqqında təsəvvür formalaşdırmağa başladı. Bundan sonra YAP lokomotiv siyasi güc olmaqla sürətlə inkişaf etməyə, siyasi sistemə yeni dəyərlər təqdim etməyə başladı. YAP, həmçinin üzərinə düşən tarixi missiyanı reallaşdıraraq siyasi mədəniyyətin formalaşması və yeni komponentlərlə zənginləşməsində müstəsna rol oynadı".

Hikmət Babaoğlu əlavə edib ki, YAP bu gün Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərir və inkişaf edir: "Heydər Əliyevçilik Azərbaycan milli dövlətçiliyi, onun ideoloji-siyasi əsasları və milli-mənəvi təməlləri deməkdir. Azərbaycan gəncliyi də Ümummilli Liderin zəngin irsindən bəhrələnir, öz fəaliyyətində Onun ideyalarını rəhbər tutur. Eyni zamanda, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyilə həyata keçirilən siyasət nəticəsində həm partiyamız, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın daxili və xarici siyasəti müstəqilliyilə seçilir. Bugünkü müstəqilliyimizin qorunub inkişaf etdirilməsi məsələsində də gənclərin üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyev də çıxışlarında gənclərə inandığını vurğulayıb. Çünki hər bir xalq üçün müstəqillik ən böyük nemətdir. Ümumiyyətlə, bəşəriyyət tarixi xalqların mübarizə tarixidir. Azərbaycan xalqının dövlətçilik tarixi 5 min ilə qədər gedib çıxır. Elə xalqlar var ki, həm dövlətləri, həm özləri dünyadan siliniblər. Amma bizim xalqımız çətin mübarizələrdən keçərək öz dövlətçiliyini qoruyub, saxlaya bilib. Azərbaycan gəncliyi ayıq-sayıq olmalıdır. Partiyamızın Sədri, Prezidentimiz İlham Əliyevin gənclərə əsas tövsiyəsi də bundan ibarətdir. YAP-ın Proqram və Nizamnaməsində azərbaycançılıq ideologiyası əsas götürülür. Çox sevindirici haldır ki, xalqımız bu ideologiya ətrafında sıx birləşib".

YAP-ın hər zaman gəncliyin inkişafına dəstək verdiyini deyən Hikmət Babaoğlu millət vəkili seçiləcəyi təqdirdə, gənclərin də parlamentdə layiqli nümayəndəsi olacağını bildirib. O, gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər