51 saylı Qusar Seçki Dairəsindən Milli Məclisə deputatlığa partiyanın namizədi Badamov Azər Camal oğlunun seçicilərilə görüşləri davam edir
Dünən 51 saylı Qusar Seçki Dairəsindən deputatlığa partiyanın namizədi Badamov Azər Camal oğlunun Qusar şəhər seçicilərilə görüşü keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək ölkə həyatında ictimai-siyasi önəm daşıyan parlament seçkiləri ərəfəsində olduğumuzu bildirərək 1 noyabr tarixində Milli Məclisə keçiriləcək parlament seçkilərinin əhali tərəfindən böyük ruh yüksəkliyilə qarşılandığını diqqətə çatdırıb. O, qeyd etdi ki, yarandığı gündən ictimai-siyasi müstəvidə ciddi nailiyyətlər əldə edən, prezident, parlament, bələdiyyə seçkilərində parlaq qələbələrə nail olan Yeni Azərbaycan Partiyası xalqın etimadını, inamını qazanıb. Uğurlarımızın davamlı olmasını istəyən hər bir kəsi ümumxalq partiyası olan YAP-ın ətrafında birləşməyə və 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərində "Yeni hədəflərə doğru" gedərək, onun namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən deputatlığa namizəd Azər Badamov ona etimad göstərilərək partiya tərəfindən namizədliyi irəli sürüldüyünə görə, Yeni Azərbaycan Partiyasına minnətdarlığını bildirib. O, Azərbaycanda keçirilən seçkilərdə hər zaman qələbə qazanan YAP-a göstərilən etimadın qarşılıqlı inama, hörmətə və real işə söykəndiyini bildirərək noyabrın 1-də keçiriləcək seçkilərdə YAP-ın namizədlərini dəstəkləyən seçicilərin uğurlu inkişafa böyük dəstək olan siyasi qüvvəyə növbəti dəfə etimad göstərmiş olacaqlarına inandığını vurğulayıb. Sonra o özünün seçki platforması haqqında məlumat verərək Qusar sakinlərini seçkilərdə daha fəal olmağa və layiqli namizədə səs verməyə çağırıb.
Görüşdə seçicilər adından çıxış edən Zöhrab Mirzəmətov, Mahir Ospatov və başqaları bildiriblər ki, Azər Badamovun Milli Məclisdə təmsil olunması üçün ona etimad göstərərək, xalqın inamını qazanan YAP-ın namizədinə səs vərəcəklər.
Nəzakət ƏLƏDDİNQIZI