YAP-ın deputatlığa namizədi Kamaləddin Qafarovun ilk dəfə səs verən gənclərlə görüşü keçirildi
Yeni Azərbaycan Partiyası tərəfindən 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qafarov Kamaləddin Nəsrəddin oğlunun ilk dəfə səs verəcək gənclərlə görüşü keçirildi.
Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, namizədin səlahiyyətli nümayəndəsi Ramiz Göyüşov gənclərə Azərbaycanda mövcud olan seçki qanunvericiliyi və bu günədək keçirilən seçkilər barədə ətraflı məlumat verdi. O, seçki prosesinin ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını və bu prosesin taleyüklü hadisə olduğunu vurğuladı. R.Göyüşov gənclərə bu ilin noyabr ayının 1-də keçiriləcək parlament seçkiləri barədə ətraflı məlumat verdi. Ölkənin qanunverici orqanına keçirilən seçkinin mühüm əhəmiyyət daşıdığını bildirdi və hər bir gənci bu prosesdə fəal olmağa çağırdı. YAP-ın parlament seçkilərində irəli sürdüyü namizədlərə diqqət çəkərək, onların ictimai-siyasi fəaliyyətini yüksək qiymətləndirdi. YAP-ın 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə deputatlığa namizədi Kamaləddin Qafarovun fəaliyyəti ilə bağlı məlumat verdikdən sonra, onun gənc namizəd olaraq seçkilərdə parlaq qələbəsinə inandığını vurğulayıb, ilk dəfə səs verəcək gəncləri Kamaləddin Qafarova səsə verməyə dəvət etdi.
Görüşdə çıxış edən Kamaləddin Qafarov bu günədək keçirilən bütün təbliğat görüşlərindən məmnun qaldığını, gənclərlə görüşün onda böyük qürur hissi doğurduğunu qeyd etdi. Ölkəmizdə aparılan gənclər siyasəti və onun uğurlu nəticələrindən söhbət açaraq, gəncləri onlara yaradılan şəraitdən yararlanmağa çağırdı. Gəncləri dövlətimizə, millətimizə və Prezidentimizə daim sadiq olmağa və öz milli maraqları naminə çalışmağa çağırdı. Hər bir gəncin səsvermə hüququna malik vətəndaş kimi böyük məsuliyyət daşıdığını və seçkilərdə iştirak edib seçdiyi namizədə səs verməklə böyük bir siyasi missiyanı həyata keçirdiklərini bildirdi. Gəncləri bu günədək ölkəmizdə həyata keçirilən gənclər siyasətinə dəstək olaraq, həmin siyasətin bundan sonra da davam etdirilməsi məqsədilə YAP-ın namizədlərinə səs verməyə çağırdı. K.Qafarov millət vəkili seçiləcəyi təqdirdə, gənclərlə daim ünsiyyətdə olacağını, onlarla sıx görüşlər keçirəcəyini qeyd etdi.
Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri, namizədin səlahiyyətli nümayəndəsi Sevinc Abdullayeva, Binəqədi rayon sakini Pərvin Əhmədli, ilk dəfə səs verəcək gənc Aytac Abbasbəyli və YAP Binəqədi rayon təşkilatının gənc fəalı Nərgiz Qurbanova çıxış edərək seçkilərin onların həyatında mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər. Onlar dövlət başçısı, YAP-ın Sədri Cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan məmnunluqla danışaraq, bu siyasətin davamı məqsədilə YAP-ın namizədlərinə səs verəcəklərini qeyd etdilər.
Gənclərin yüksək fəallığilə seçilən görüşdə Kamaləddin Qafarov onları maraqlandıran sualları cavablandırdı, təkliflərini dinlədi.
ZÜMRÜD BAYRAMOVA