Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 30 saylı Suraxanı I Ceçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fətəliyeva Sevinc Həbib qızının Hövsan kənd sakinləri ilə görüşü keçirilib. Deputatlığa namizəd Sevinc Fətəliyeva ilk olaraq kənd mərkəzində yerləşən 20 yanvar şəhidi Məmmədov İbiş Behbud oğlunun abidəsini ziyarət edərək, tər güllər düzüb.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov Azərbaycanda son illərdə dinamik sürətlə inkişaf edən quruculuq işlərinə, regionların sosial - iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan islahatlara, infrastruktur layihələrin uğurla nəticələnməsinə, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, yoxsulluğun aradan qaldırılması istiqamətində aparılan dövlət siyasətindən danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasətini davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin gərgin əməyi sayəsində Azərbaycanda həyata keçirilən uğurlu siyasət, irimiqyaslı layihələr, abadlıq-quruculuq işləri ölkəmizin bütün regionlarında müşahidə olunur. O, həmçinin, Suraxanı rayonunda aparılan yüksək quruculuq işlərinə nəzər salıb.
Fərman Rəsulov deputatlığa partiyanın namizədi Sevinc Fətəliyevanın təbliğat-təşviqat kampaniyasının seçici fəallığı ilə davam etdiyini bildirərək, bu inkişafın davamı üçün Cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb. O, partiyanın layiqli namizədi Sevinc Fətəliyevanın çox işgüzar, təşəbbüskar deputatlığa layiq olan ziyalı olduğunu diqqətə çatdırıb və hər kəsi bayram əhvali-ruhiyəsi ilə məntəqələrə gəlib demokratiyanın və müstəqilliyimizin bizə verdiyi imkandan yararlanaraq düzgün seçim etməyə çağırıb.
Görüşdə çıxış edən Sevinc Fətəliyeva YAP-ın bu gün özündə ədaləti ifadə edən iqtidar partiya olduğunu bildirərək Azərbaycanın inkişafında xüsusi rola malik olluğunu qeyd edib: "Ölkəmizdə həyata keçirilən islahatları, yenilikləri qeyd edərək, Bakının, eləcə də, ölkəmizin bütün bölgələrinin simasının dəyişdiyini bildirib. Bu nailiyyətləri görən Azərbaycan vətəndaşları Ulu Öndər Heydər Əliyev siyasətini, Onun yaratdığı partiyanı və həyata keçirdiyi ideyaları reallığa çevirən ölkə Prezidenti İlham Əliyevi qətiyyətlə dəstəkləyir. Azərbaycan vətəndaşları ölkəmizin gələcəyini, eyni zamanda, Yeni Azərbaycan Partiyasında görürlər. Bu isə həm YAP-ın, həm də bu partiya sıralarında cəmləşmiş insanların üzərinə kifayət qədər şərəfli vəzifələr qoyur".
Sevinc Fətəliyeva seçiləcəyi təqdirdə seçicilərinə ləyaqətlə xidmət edərək bu etimadı doğruldacağağını bildirərək, seçicilərinə xidmət etmək böyük fəxr və qürurverici olduğunu qeyd edib.
Çıxış edən seçicilərdən Bəylər Məmmədov, Zəri Məmmədova (şəhid anası), Bayram Bəxtiyaroğlu və başqaları Azərbaycanın bugünkü inkişafını, dünyada nüfuza sahib olmasını ölkə Prezidentinin məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsi olduğunu vurğuladılar. Seçicilər günü-gündən dəyişən Azərbaycanın işıqlı sabahı naminə birmənalı olaraq 1 noyabr tarixdə keçiriləcək seçkilərdə YAP namizədini dəstəkləyəcəklərini bildiriblər.
ZÜMRÜD BAYRAMOVA