Suraxanı rayonu Heydər Əliyev Mərkəzində elektron lektoriya zalında rayon icra hakimiyyətinin və mərkəzin birgə təşkilatçılığilə "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda növbəti açıq dərs keçirilib. Açıq dərsdə rayonun 87, 141, 226, 270 və 315 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər. Məlumat üçün bildirək ki, "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda açıq dərslər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ayda bir dəfə keçirilməklə 2015-2016-cı tədris ilinin sonuna qədər davam etdiriləcək və rayonun bütün məktəblərini əhatə edəcək. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.
Şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara məlumat verilib ki, 2009-cu il may ayının 4-də fəaliyyətə başlayan Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilib. Mərkəzdə Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Mərkəzdə multimedia və rəsm studiyaları, elektron kitabxana fəaliyyət göstərir. Bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 56 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron Kitabxanasının xidmətindən bu günə qədər 15 mindən artıq istifadəçi faydalanmışdır.
Açıq dərsin iştirakçıları Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənməsi məqsədilə mərkəzin 2-ci mərtəbəsində xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada mərkəzin sifarişilə hazırlanmış "Millət Atası" filmini izləyiblər.
Açıq dərs dövlət himninin oxunması ilə başlayıb. Dərsin mövzusunu elan edən rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər bir işi görüb.
Açıq dərsdə 87 nömrəli tam orta məktəbin müəllimi Sevil Məmmədsalahova, 141 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Kərəmova, 226 nömrəli tam orta məktəbin müəllimi Təranə Cəbiyeva, 270 nömrəli tam orta məktəbin müəllimi Nərmin Hüseynli, 315 nömrəli tam orta məktəbin müəllimi Günel Məhərrəmova animasiyadan istifadə etməklə, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat veriblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur.
Açıq dərs bu sözlərlə yekunlaşıb: "Bu gün Ümummilli Liderin şah əsəri olan müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Bu gün Cənab İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və uğurla icra edilir. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır".
Açıq dərsdə mövzu xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılıb.
ZÜMRÜD BAYRAMOVA